Argentinalı futbol mütəxəssisi Dieqo Kokka İspaniya La Liqasında mübarizə aparan “Valyadolid” komandasının baş məşqçisi təyin olunub.
Arena.az bu barədə La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir.
53 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi (2025-ci ilin 30 iyununa qədər) nəzərdə tutulub.
Dieqo Kokka son olaraq Meksika yığmasına rəhbərlik edib. O, 2023-cü ilin fevral ayında baş məşqçi təyin olunduğu millidən elə ötən ilin iyun ayında ayrılmışdı. Həmin vaxtdan bəri argentinalı mütəxəssis işsiz idi. Kokka daha öncə Meksikada “UANL Tiqres”, “Atlas”, “Santos Laquna”, “Tixuana”, Kolumbiyada “Milyonarios”, Argentinada “Rosario Sentral”, “Rasinq”, “Defensa Xustisiya”, “Urakan”, “Ximnasiya”, “Qodoy Krus” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Dieqo Kokka “Valyadolid”in sükanı arxasında bir müddət öncə istefaya göndərilmiş Paulo Petsolanonu əvəz edib. Uruqvaydan olan 41 yaşlı mütəxəssis komandanın uğursuz nəticələri səbəbindən postundan kənarlaşdırılmışdı. Həmin dövrdən bəri komandanı müvəqqəti olaraq Alvaro Rubio çalışdırırdı.
Paulo Petsolano 2023-cü ilin aprel ayından “Valyadolid”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 71 oyuna çıxarıb. İspaniya klubu bu görüşlərdə 28 qələbəyə sevinib, 15 heç-heçə edib, 28 məğlubuyyətə üzülüb.
“Valyadolid” cari mövsümdə uğursuz nəticələri ilə diqqət mərkəzindədir. Komanda La Liqada keçirdiyi 17 oyunda cəmi 3 qələbə qazanıb. 3 heç-heçəsi olan komanda 11 oyunda da məğlubiyyətə üzülüb. 12 xala malik komanda İspaniya çempionatının 20 iştirakçısı arasında 19-cu pillədə qərarlaşıb.
Sonda onu da qeyd edək ki, “Valyadolid”in əsas sahiblərindən biri Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazariodur.