AZ

“Əminliklə deyə bilərəm ki, “Qəbələ” sona bir neçə tur qalmış çempionluğu təmin edəcək” – Bəxtiyar Musayev

Ölkə çempionatının 1-ci liqasında 9-cu turun oyunları yekunlaşıb. Turnir cədvəlinə başçılıq edən “Qəbələ” indiyə qədər nə məğlubiyyət alıb, nə də qapısında qol görüb. Hazırda ən yaxın rəqib “Karvan”la arada 4 xallıq fərq var.

Ötən tur yevlaxlılar evdə “qırmızı-qaralar”a uduzmaqla liderliyi onlara buraxdı. Belə ehtimal var ki, “Qəbələ” bu gedişlə mövsümün sonuna xeyli qalmış elitaya vəsiqəni təmin edəcək. Futbol veteranı Bəxtiyar Musayev “Football-plus.az”a açıqlamasında durumu belə dəyərləndirdi:

“Qəbələ” həm şərait, həm də göstərdiyi oyun baxımından başqalarından üstündü. “Karvan” da mübarizə aparırdı. Amma ötən turdakı qalmaqallı oyunda bir sıra aparıcı oyunçuları da qırmızı vərəqə aldı. Onsuz da “Qəbələ” favorit idi, işi bir qədər də rahatlaşdı. Qapısından top da buraxmayıb. Çempionat başlayandan bəlli idi ki, “Qəbələ” iddialı olacaq, elitaya əsas namizəddi. Hadisələrin axarı onu göstərir ki, mövsüm başa çatmadan çempionluğu təmin edə bilərlər. Hər komandaya uğurlar arzulayıram. Ümid edək ki, birinci liqada da gərgin rəqabət olsun. Rəqabət olan yerdə futbolçuların inkişafı da mümkündü. Amma acı həqiqət odu ki, birinci liqada böyük rəqabət yoxdu. Əminliklə deyə bilərəm ki, “Qəbələ” sona bir neçə tur qalmış çempionluğu təmin edəcək. Bu komandanın istədiyi futbolçunu ələ keçirməsi daha rahatdı. Büdcələri də imkan verir ki, yaxşı legionerləri komandaya cəlb etsin. Ona görə də başqaları onlarla rəqabət aparmaq gücündə deyil. Ən əsası maddi baxımdan”.

RÖYANƏ OĞUZ
Seçilən
46
football-plus.az

1Mənbələr