AZ

Futbolun kütləviləşməsi və inkişafı zəruri edən amillər

Ölkə futbolunda peşəkar yarışların sayının artması, rəqabətin yüksəlməsi inkişafa təkan verəcək amillərdəndir.

Əvvəlki yazılarımızda bu ildən keçirilən II Liqada durum, yarışın faydaları və inkişaf perspektivlərindən söz açmışdıq. Bu çempionatdan bir “level” üstün olan I Liqada da rəqabət artmaqdadır. Rəqabət marağı artırır, inkişafı zəruri edir.

Bölgələr Premyer Liqada az təmsil olunur – Sumqayıt, Gəncə, Şamaxı və Tovuzdan başqa digər bütün oyunlar Bakıda təşkil edilir. I Liqada isə vəziyyət fərqlidir. Burda şəhər komandaları az, bölgə təmsilçiləri çoxdur. Bu, ölkə futbolunun arealının genişlənməsinə və futbolun kütləviliyinə təsirsiz ötüşmür. I Liqada 9 turdan sonra turnir cədvəlinin lideri “Qəbələ”dir. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv 23 xalla birinci pillədə qərarlaşıb. “Qəbələ” həm də çempionatda geridəqalan müddətdə məğlub olmayan yeganə kollektivdir. 

Bölgə təmsilçisi son illərdə Azərbaycan futbolunda yetirmələri ilə diqqət mərkəzində olub. “Qəbələ” akademiyasının inkişafı, burdan çıxan gənclər ölkə futboluna töhfələrini verməkdədir. Uşaq futbolunun problemli vaxtında ön plana çıxan və boşluqları qismən də olsa doldura bilən akademiya əsas komandanın I liqaya düşməsinə baxmayaraq, fəaliyyətini davam etdirir. AFFA da öz növbəsində akademiyanın yaşaması üçün maliyyə dəstəyi göstərməkdədir.

“Qəbələ” çempionluğa əsas iddiaçıdır, lakin onlarla yanaşı, “İmişli” və “Karvan” da liderlik mübarizəsindədir. Büdcə və şərait baxımından “qırmızı qaralar”dan geri qalan bölgə klubları rəqabətin olduğu yerdə inkişafdadırlar. İstər “İmişli”, istərsə də “Karvan” heyətini təcrübəli oyunçularla və bir sıraa legionerlərlə gücləndirib. Komandaların oyunlarına azarkeş maraqları da diqqət çəkir. Hətta bəzən I Liqa oyunlarına elita matçlarından daha çox fanat tribunalarda olur.

I Liqaya marağın artması bölgələrdə futbolun kütləviləşməsinə gətirib çıxarır. Klubların bu istiqamətdə gördüyü və görəcəyi işlər inkişafa təkanı verəcək. İstər İmişli, istər Qəbələ, istər Zaqatala, istər Mingəçevir, istər Yevlaxda komandaların böyük futbolda təmsil olunması, rayonlardakı uşaqların bu sahəyə diqqətini daha artıracaq.

Ölkə futbolunun inkişafı aşağı yaş qruplarından başlayır və bölgələrdə uşaq futboluna diqqətin artırılması vacib amillərdəndir. İstedadlı futbolçuların çıxdığı bölgələrdə klubların daha çox olması, rəqabətli yarışda iştirak etməsi inkişafa təkan verən amillərdəndir.

Azərbaycan idman ölkəsidir və hər sahədə inkişaf zəruridir. Fərdi növlərdə – güləş, cüdo, boks və s. çempionları olan Azərbaycan futbol sahəsində hələ ki, istədiyi nəticəni əldə edə bilmir. Milli komandalarda vəziyyət ürəkaçan deyil. İllərdir davam edən problemlər son dönəmlərdə daha çox qabardılır. Peşəkar yarışların sayının artması, klubların şəraitinin əvvəlki illərə nisbətən yaxşılaşması artıq yaxşı nəticələri də zəruri edir.

Aşağı yaş qrupları üzrə milli komandalardan gözləntilər böyük olsa da, hələ bunu qarşılamaq mümkün deyil. Problem isə demək olar, klublardan başlayır. Klublar futbolun inkişafı üçün üzərlərinə düşən addımları atsa – akademiyalara diqqət, uşaq futbolunun nəzarətdə saxlanılması, seleksiya işləri və s. nəticələr də zamanla gələcək. Son dönəmlərdə uşaq komandaları arasında keçirilən yarışların da sayı artmaqdadır. Uşaq erkən yaşlarından nə qədər çox turnir görsə, təzyiqi hiss edər və bu, gələcəkdə onların peşəkar futbolda inkişaf etməsinə kömək olacaq. Məktəblər, kəndlərarası yarışların təşkil olunması atılan müsbət addımlardandır.

Azərbaycan yığmasının sabiq futbolçusu, bir müddət “Səbail”də məşqçi kimi işləyən Aftandil Hacıyevin “Qarabağ”a akademiyasına koordinator təyin edilməsindən sonra akademiyada inkişaf nəzərəçarpan dərəcədədir. Azərbaycan futbolunun yükünü illərdir daşıyan “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları mövsümöncəsi bir neçə beynəlxalq turnirdə iştirak ediblər. Eyni zamanda “Sumqayıt”, “Sabah” və “Neftçi”nin də aşağı yaş qruplarına göstərdiyi diqqət artmaqdadır. Bu tendensiyanın digər klublara da keçməsi önəmlidir. Xüsusilə, Premyer Liqada mübarizə aparan komandaların aşağı yaş qruplarında işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması inkişaf adına əsas töhfələrdən olacaq.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Seçilən
41
futbolpress.az

1Mənbələr