1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Parlamentin Prezident Yun Sok Yola impiçment elan etməsindən sonra Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının sədri Han Don Hun istefa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
"Üzvlərinin istefası ilə əlaqədar partiyanın Ali Şurasının buraxılması səbəbindən artıq partiya sədri kimi vəzifəmin normal şəkildə icrası mümkün deyil. Mən partiya sədri postunu tərk edirəm", - deyə siyasətçi bildirib.
Han Don Hunun istefası ilə partiyada liderlik fövqəladə hallar komitəsinə keçir.
Han Don Hun həmvətənlərindən və Vətəndaş Gücü tərəfdarlarından hərbi vəziyyətin tətbiqinə görə üzr istəyib.
Qeyd edək ki, dekabrın 14-də Cənubi Koreya parlamenti Prezident Yun Sok Yola impiçment elan edib və bu, hələ Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir. Han Don Hun bildirib ki, Yun Sok Yolun vəzifədən uzaqlaşdırılmasını dəstəkləmək qərarına görə peşman deyil.
Dekabrın 14-də keçirilən səsvermədən əvvəl Han Don Hun partiya üzvlərini öz inanclarına uyğun səs verməyə çağırıb, parlamentdəki Vətəndaş Gücü fraksiyasının lideri Kvon Son Don isə impiçmentin əleyhinə səs verməyi təklif edib. Hakim partiya parlamentdə 108 yerə sahib idi, impiçment üçün isə 200 səs lazım idi. Prezidentin vəzifədən kənarlaşdırılmasına 204 deputat səs verib. Partiya sədri vəzifəsini Kvon Son Don icra edəcək.