AZ

Dəməşqdə kritik toplantı: Suriyanın yeni lideri Türkiyə qərarını açıqladı

Keçid hökuməti Suriyanın vahid bayraq altında birləşməsini istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Nəşrin əldə etdiyi məlumata görə, Suriyadakı inqilabın lideri Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) keçid hökumətinin rəsmiləri ilə Dəməşqdə keçirdiyi görüşdə ölkənin gələcəyi ilə bağlı mühüm mövzuları gündəmə gətirib. Əl-Şara və hökumət rəsmilərinin son vaxtlar ictimaiyyətdə müzakirə edilən PKK/YPG/PYD terror təşkilatının muxtariyyət iddialarını təkzib etdiyi və vahid Suriya mövzusunda razılaşdıqları məlum olub. Hökumətin bu təşkilata muxtariyyət verə bilməyəcəyi vurğulanıb.

Keçid komandası martda hökumət qurulana qədər Suriyanı idarə edəcək. Yeni hökumətdə cəmiyyətin hər təbəqəsindən bir nümayəndənin olacağı bildirilib. Əl-Şara ilə hökumət rəsmiləri arasında keçirilən görüşdə bu məsələ də gündəmə gətirilib.

Nəşr qeyd edir ki, toplantıda Türkiyənin önümüzdəki dövrdə Suriyanın qurulması və dirçəldilməsi üçün əhəmiyyətli bir aktor olaraq görüldüyü və Ankaranın təcrübələrindən yararlanmağın lazım olduğu deyilib.

“Suriya keçid hökumətinin Türkiyəyə təşəkkür etdiyi və ona borclu olduğu bildirilib. Əl-Şara toplantıda “Türkiyə ilə yaxşı qonşuluq münasibətlərinə davam edəcəyik” mesajı verib”, - məlumatda belə qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
16
teleqraf.com

1Mənbələr