AZ

Təbrizdə 160 illik tarixi abidə məhv olur

Təbrizdə tarixi evlərdən olan və şəhərin memarlıq nümunələrindən sayılan Babaxan evi tamamilə məhv olmaq üzrədir.

Bu barədə təbrizli mədəni fəallar məlumat yayıb.

Məlumata görə, bundan əvvəl tarixi Babaxan evinin qonşuluğunda söküntü işlərinin aparılması evin bir hissəsinin uçmasına səbəb olub.

Mədəni fəalların sözlərinə görə, Qacarlar dövrünün memarlıq nümunələrindən olan və 2008-ci ildə İran milli əsərləri siyahısında qeydə alınan 160 illik tarixi evin bərpası ilə bağlı edilən müraciətlərə əhəmiyyət verilməyib.

"Bundan əvvəl son dəfə iyul ayında Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumlara abidənin qorunması və təmiri ilə bağlı müraciətlər olunsa da, bu günə kimi heç bir iş görülməyib",- fəallar bildiriblər.

Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çox olmaqla, əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır.

Təbrizdə 600-dən çox tarixi tikili, abidə və evin mövcud olmasına baxmayaraq, onlardan bir çoxu dağıdılıb, baxımsız qalıb və ya dağılmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

visiontv.az



Seçilən
16
visiontv.az

1Mənbələr