AZ

Aİ ölkələrinin XİN rəhbərləri bu gün TOPLAŞIR - Gündəlikdə nələr var?

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bu gün bu ilin son iclası üçün Brüsseldə toplaşacaq. 

 

Sfera.az xəbər verir ki, iclasın gündəliyinə Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin sona çatmasından sonra Suriyada vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar daxildir.İclasa Aİ diplomatiyasının yeni rəhbəri Kaja Kallas sədrlik edəcək.Aİ nümayəndəsinin daha əvvəl Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, Ukraynadakı münaqişə və Kiyevə hərbi yardım Aİ üçün mütləq prioritet olaraq qalır. Avropalı diplomatın sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüşdə uzaqdan iştirak edərək cəbhədəki vəziyyət və Kiyevin ehtiyacları barədə məlumat verəcək. 

 

Aİ nümayəndəsinin dediyi kimi, xarici işlər nazirləri Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini, eləcə də Moskvanın iddia edilən “hibrid hərəkətləri” üçün “yeni qara siyahı”nı təsdiq edəcəklər. Ötən həftə Aİ ölkələrinin daimi nümayəndələri Rusiya neftini daşıyan xarici tankerlərə qarşı tədbirləri özündə əks etdirən 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.Noyabrın 28-də “EUobserver” portalı sənəd layihəsinə istinadən xəbər verib ki, 54 fiziki şəxs və 29 hüquqi şəxs qara siyahıya salınacaq. Portalın məlumatına görə, Aİ “boz” siyahıya 34 şirkət və 47 gəmi də əlavə edəcək.

 

“Avropa İttifaqının xarici işlər nazirləri Suriyadakı vəziyyəti və Aİ-nin mövcudluğunun vacibliyini müzakirə edəcəklər”, - avropalı diplomat bildirib. Onun sözlərinə görə, Aİ Suriyanın yeni hakimiyyət orqanlarının Rusiya hərbi bazalarını ölkədə saxlamamağa qərar verəcəyinə ümid edir. Aİ-nin öz mövqeyini Suriyanın yeni hakimiyyət orqanlarına çatdırmaq niyyətində olub-olmaması ilə bağlı suala diplomat müsbət cavab verib.Nazirlərin Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq diplomat bildirib ki, bazar ertəsi Aİ-nin sanksiyalar rejimi ilə nə edəcəyi barədə danışmaq hələ tezdir.

 

Xarici işlər nazirləri həmçinin Gürcüstan hakimiyyətinə qarşı sanksiyaları, o cümlədən bu ölkənin diplomatları və rəsmiləri üçün viza rejiminin mümkün tətbiqini müzakirə edəcəklər. Amma Aİ nümayəndəsinin dediyi kimi, icma hazırda Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvini düşünmür. Gürcüstanda oktyabrda keçirilən parlament seçkilərindən sonra Aİ səsvermənin nəticələrini dəfələrlə şübhə altına alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də bildirib ki, hakim partiya 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarının açılması məsələsini gündəliyə salmamaq və Avropa İttifaqının bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Kobaxidzenin sözlərinə görə, bu qərara səbəb Aİ-nin danışıqların başlanması mövzusunda davamlı şantajı, parlamentin qəbul etdiyi bəzi qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub. Baş nazirin bəyanatı sonrakı günlərdə etirazlara səbəb oldu.

 

Firuzə Əliyeva

Seçilən
21
sfera.az

1Mənbələr