Televiziya kanalları hər gün xeyli videoməzmun istehsal edirlər. Bu kontent, canlı yayım və arxiv isə böyük xərc bahasına başa gəlir. Onun əlçatan olması, ondan dayanıqlı və effektiv istifadəyə, xüsusən də onlayn mühitdə istifadəyə imkanlar yaradılması isə vacibdir.
Maraqlıdır, televiziyaların videokontenti harada saxlanır?
Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, ölkə daxili və xaricində media monitorinq xidmətləri təqdim edərkən yerli televiziya kanallarının videokontentinin arxiv problemi ilə üzləşirik .
“Bizdə bu istiqamətdə ciddi problemlər var. Maraqlıdır ki, AzTV-dən başqa digər televiziyaların hamısının arxivi əsasən “YouTube” üzərindədir. Yalnız AzTV canlı yayımı və verilişləri yerli hostinqdə 8 gün müddətində arxivləşdirir. Xeyli maraqlı və ictimai əhəmiyyət kəsb edən kontenti olmasına baxmayaraq, büdcədən maliyyələşən İTV hələ də özünün kontenti üçün yerli bir arxiv formalaşdıra bilməyib.Əsasən “YouTube”dan istifadə olunur. Qonşu ölkələrin təcrübəsinə diqqət yetirdikdə isə görmək olur ki, videokontent həm də ölkə daxilində milli bir hostda toplanır. Son zamanlar geopolitik proseslərlə bağlı bu tendensiyanın hədsiz gücləndiyi müşahidə olunur. Canlı yayımların da bir qorunan hostdan yayımlanmasına diqqət yetirilir”.
O.Gündüz bildirdi ki, “YouTube” televiziyalar üçün cəlbedicidir, geniş auditoriya imkanları təqdim edir:
“Paylaşımlar, istifadəçi cəlb etmək və monetizasiya vasitəsilə gəlir də əldə etmək mümkündür. Daha çox baxış daha çox reklam gəliri deməkdir. Eyni zamanda bu kontenti özəl serverlərdə, yaxud özlərində arxivləşdirmək yüksək maliyyə tələb edir, idarəetmə xərcləri də var. Lakin bütün arxivin yalnız “YouTube”da saxlanılması ciddi risklər yaradır. Televiziyalar kontent üzərində müstəqilliyi itirirlər. Platforma qaydalarına uyğun olmayan kontent, şikayət olunan kontent silinə və ya kanal bloklana bilər, onların öz məxfilik və reklam qaydaları var. Əgər “YouTube” platformasında texniki problemlər və ya qlobal məhdudiyyətlər, yaxud da müəyyən səbəblərdən ölkədaxili bloklanma olarsa, arxivə çıxış dayana bilər”.
Ekspert qeyd etdi ki, milli video kontentin saxlanılması ilə bağlı hibrid modelin tətbiqi, yəni bütün ölkə üzrə televiziya arxivinin həm də milli hostinq üzərində saxlanılması daha doğru olardı:
“Xüsusilə də, milli informasiya resursları üzərində müstəqillik və asılılıq balansını qorumaq indiki zamanda daha çox vacibdir. Düşünürəm ki, televiziyalar öz biznes modellərinə və texniki imkanlarına uyğun kontentin arxivləşməsinə diqqət yetirməlidirlər. “YouTube”a ölkədən verilən reklamların çox cüzi hissəsi televiziya kanallarına çatır. Bu reklamların ölkədaxili bir platformadan olması televiziyalar üçün daha böyük gəlirlər gətirə bilər və ölkə üçün də faydalı olar. Audiovizual Şura, televiziya kanalları və “Rəqəmsal və audiovizual yayım sənayesi” qurumu dünyanın indiki düzənində milli hostinq yaradılması istiqamətində səylərini gücləndirməlidirlər”.
Günay