Bu dəfə sizə Azərbaycan yox, Avropa futbolundan danışmaq istəyirəm. Daha doğrusu, “böyük beşlik” ölkələrinin aparıcı klublarının çökməyə başlamasından. Gedişat onu göstərir ki, artıq İngiltərə, İtaliya, Almaniya, İspaniya kimi ölkələrdə “nəhəng klub” anlayışı qalmamaqdadır. “Ulduz” futbolçuları heyətinə qatmaq üçün bir-biriylə rəqabətə girən, milyonlarla avro pul xərcləyən klublar daha əvvəlki kimi meydan sulamır, istənilən rəqibi asanlıqla məğlub edə bilmir.
Bu ilin sentyabrında Niderland millisinin və “Mançester Siti”nin futbolçusu Natan Ake zədələndi. Ölkəsinin millisinin heyətində Almaniyaya qarşı oyunda iştirak edən Ake meydanı xərəkdə tərk etməli oldu. Həmin hadisədən bir müddət əvvəl isə mərkəz müdafiəçisi sıx təqvimdən şikayət etmişdi, futbolçuların bu cür təqvimlə oynamağa, daim yüksək formada qalmağa çətinlik çəkdiyini dilə gətirmişdi. Zaman göstərdi ki, Ake haqlı imiş, “yüklənməyə” davam gətirməyən futbolçu sevimli peşəsindən bir müddət uzaq düşməli oldu. Akedən əvvəl norveçli Erlinq Haaland da UEFA-yla FİFA-nın futbol siyasətindən narazılıq etmişdi. Sitat: “İldə 70 oyun keçirəndə yaxşı olmaq çətindir. Futbolçuların Avro-2024-də necə yorulduqlarını gördük. Bu ağırlıq onların oyununa təsir etdi. Futboldan necə bezdiklərini gördük”. Həmin o Haaland dünənki “Mançestr derbisi”ndə meydanda gəzişməklə məşğul idi.
Xeyli vaxtdır ki, hamı şikayət edir. Futbolçular, məşqçilər, hətta azarkeşlər də narazıdır. Hər gün futbola baxmaq özü də azarkeşi bezdirir, yavaş-yavaş sevimli oyundan soyuyursan, artıq meydanda baş verənlər sənə maraqlı gəlmir. “Eyni filmi” neçə dəfə izləmək olar? Təəssüflər olsun ki, UEFA siyasətindən əl çəkmək, inadından geri dönmək fikrində deyil. Futbola yaxşı gəlir gətirən biznes sahəsi kimi baxan Çeferin və onun ətrafındakılar futbolçularla şantaj dilində danışmaqdan da çəkinmədilər. UEFA-nın sloveniyalı prezidentinin bu yaxınlarda dediyi “Futbolçular başa düşməlidilər ki, az oynasalar, az da qazanacaqlar” cümləsi bir daha onu göstərdi. Artıq elə bir dövrə gəlib çatmışıq ki, futbolda fantastik pullar dövr edir və daha çox qazanmaq ehtirası bu oyunun romantikasını öldürür.
Amma belə getməyəcək. Bu həftəsonu Avropanın yaşıl meydanlarında baş verənlər göstərir ki, nəyisə dəyişmək lazımdır. Ötən həftə Çempionlar Liqasında oynayan böyük klubların az qala hamısı öz daxili çempionatlarında qələbə qazana bilmədi. İngiltərədə “Mançester Siti” son dəqiqələrdə şok yaşadı, “Liverpul”la “Arsenal” isə zəif rəqiblərlə oyunlarda qələbəsiz qaldı. “Barselona” sensasion şəkildə uduzdu, “Real” 1 xalla kifayətləndi. Qələbəyə həsrət qalanlar sırasın “Yuventus”la “Milan”, “Bavariya” ilə “Borussiya” da var idi. Halbuki, bu komandalar öz çempionatlarında ən güclülərdən sayılır, qarşılarında böyük hədəflər var, azarkeşlərin onlardan gözləntiləri böyükdür.
Bəlkə də, təsadüfdür. Amma mən təsadüfün bu boydasına inanmıram. Birdən-birə bu qədər “top-klub”un qələbə qazana bilməməsi təsadüf ola bilməz. Ya “ulduz” futbolçular həqiqətən çatdırmır, ya da onlar UEFA-nın sıx təqviminə, onları “yükləməsi”nə səssiz şəkildə bu cür üsyan etdilər. Deyəsən, qarşıda Avropa futbolunu daha böyük böhran gözləyir...