AZ

Media savadlılığı niyə vacibdir? - Professor İZAH EDİR

Müasir media məkanında hər bir istifadəçi gündəlik olaraq bir çox suallarla qarşılaşır, bu şəraitdə düzgün, dəqiq, qərəzsiz məlumatlar əsasında qərar vermək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, məlumatlar üzrə axtarış aparmaq və təhlil etmək, doğru məlumatı yanlış məlumatdan ayırmaq üçün media savadlılığı olduqca vacibdir.

 

Modern.az Azərbaycan televiziyasının bugünkü vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli həmsöhbət olub.

 

Onun sözlərinə görə, bu gün media savadlılığı informasiya sahəsində əsas trendlərdən biridir:

 

“Savadlılıq deyəndə insanlar adətən oxumaq, yazmaq qabiliyyətini öyrənmək, tarix, fizika, riyaziyyat, informatika vəs nəzərdə tutur. Bu istiqamət olaraq doğrudur, amma media savadlığı deyəndə birinci növbədə Kütləvi İnformasiya Vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. İnsanların müəyyən səriştəsi olmalıdır ki, mediada yayılan məlumatları dəyərləndirə bilsin, doğrudur yoxsa yalandır?, Nə məqsədlə yayılır?, mənbəyi nədir? Nə dərəcədə mötəbərdir vəs. Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir. Bu həm də indi sosial şəbəkələrdə yayılmış davranış tərzini müəyyənləşdirir”.

1403539

Professorun sözlərinə görə, media savadlılığının dərinləşdirilməsinə ona görə ehtiyac var ki, fərdi məlumatlarla mediada yayılan məlumatları fərqləndirə bilək:

 

“Biri var ki, yazdığınız mesajı bir nəfər oxuyur, bir də var ki, sosial şəbəkədə status yazırsınız və onu 5-10 min nəfər görür. Ona görə də bunların arasındakı fərqi bilmək, informasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, necə yazılması və necə ötürülməsi media savadlılığının tərkib hissəsidir. Ona görə də indi Avropa ölkələrində, qardaş Türkiyədə media savadlılığı artıq 10 ildir ki, orta məktəblərdə dərs kimi keçirilir. Yəni insanlar mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirə bilsinlər, özlərinin dünya görüşünü formalaşdıra bilsinlər deyə bu addım atılır. Mümkünsüz olan bir işdir ki, media ilə bağlı hansısa davranışı qiymətləndirə bilməyək.  Bu gün qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığına həsr olunub. Bununla bağlı treninqlər keçirilir, yazılar yazılır və KİV-lərin özündə savadlılıq məsələsi ayrıca qoyulur. Burada medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kommnikasiya məlumatını araşdıra bilmək, böyük bir auditoriya üçün media savadlılığının nə olduğunu anlatmaq çox vacibdir. Ona görə bizdə də bununla bağlı artıq həm araşdırma işləri aparılır, həm elmi məqalələr, dissertasiyalar yazılır. Ona görə də indiki həyatımızda bu məsələdən bəhs etmək çox önəmlidir”.

 

Q.Məhərrəmli qeyd edib ki, media savadlılığının 2 aspektindən danışmaq olar:

 

“Bunun birincisi ümumiyyətlə xəbər istehlakçısı, yəni xəbəri yönləndirdiyimiz auditoriyadır. Onlar ümumi kütlə olaraq medianın verdiyi məlumatı dəyərləndirə bilməlidir. İkincisi isə KİV-in özündə media savadlılığının tətbiqidir. Birinci aspektlə bağlı bəzi məsələləri qeyd etdik. İkinci aspekt, yəni jurnalistlərin media savadlılığı isə artıq peşə məsələləri ilə bağlıdır. Xəbər necə yazılmalıdır, xəbərin sualları necə dəqiqləşdiriməlidir , araşdırma aparılırsa, mənbələrlə necə işlənilməlidir vəs. birbaşa jurnalist peşəkarlığı ilə məsələlərdir. Burada tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları gözləməli, hüquqi aspketləri dəqiq öyrənməli və bu nüansların köməkliyi ilə materiallarımıza müəyyən keyfiyyət aşılamalıyıq”.

 

Rəşid Qarayev

Yazı 16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirlən "Media Savadlılığı" həftəsi çərçivəsində hazırlanıb.

1403585

Seçilən
16
30
modern.az

10Mənbələr