Britaniya Kralı III Çarlzın kiçik qardaşı Şahzadə Endryu pedofili və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan Cefri Epşteynin qurbanlarından biri tərəfindən cinsi təcavüzdə günahlandırılmasından sonra indi də casus qalmaqalı ilə ölkənin gündəmindədir. Yerli media kral ailəsini çətin vəziyyətə salan Şahzadənin Körfəz ölkələrinə qaçma ehtimalını müzakirə edir.
Casus qalmaqalının detalları
Qaynarinfo xəbər verir ki, bir neçə gün əvvəl Endryu ilə yaxın əlaqələri olan və Çin üçün casusluqda ittiham edilən bir şəxs milli təhlükəsizlik səbəbilə Britaniyadan deportasiya edilib. "H6" kod adı ilə tanınan bu şəxsin 50 yaşında olduğu, Britaniyada təhsil aldığı və Çin şirkətlərinə investisiya imkanları barədə məsləhətçilik edən bir şirkət qurduğu məlumdur.
Araşdırmalarda bu şəxsin Şahzadə Endryu və digər yüksək vəzifəli Britaniya rəsmiləri ilə yaxın əlaqələr qurduğu üzə çıxıb. "The Times" qəzetinin məlumatına görə, "H6" York Dükünün dəvəti ilə Bukinhem Sarayı, Sent-Ceyms Sarayı və Vindzor Qalasında keçirilən tədbirlərə qatılıb. Hətta Şahzadənin nümayəndələrindən biri "H6"ya çinli investorlarla əlaqələr qurmaq üçün "Avrasiya Fondu" adlı maliyyə layihəsi yaratmağa icazə verib.
Çin və Endryu qalmaqala reaksiya verib
Qalmaqalın yayılmasından sonra Şahzadə Endryunun ofisindən verilən açıqlamada onun bu şəxs ilə əlaqələrini kəsdiyi və onunla həssas mövzularda heç bir söhbət aparmadığı bildirilib.
Çin tərəfi isə bu iddiaları təkzib edib. Pekinin Londondakı səfirliyi açıqlama yayaraq bu iddiaları "Çini gözdən salmaq və Çin-Britaniya əlaqələrini pozmaq cəhdi" adlandırıb.
Şahzadənin Körfəzə qaçış planları
"Sunday Times" qəzeti Prens Endryunun Körfəz ölkələrinə köçməyi planlaşdırdığı barədə iddialar irəli sürüb. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinə yaxın mənbələr, Şahzadə artıq bölgədəki əlaqələrini gücləndirdiyini və daimi olaraq ora köçə biləcəyini bildirib.
Mənbələr iddia edir ki, keçən ay Şahzadənin qızı Beatrisin iş üçün Əbu-Dabiyə səfəri, əslində, Endryunun planları üçün bir bəhanə ola bilər. Bu iddialar, Şahzadənin Körfəz ölkələrində maliyyə dəstəyi axtarışı ilə bağlı yeni suallar doğurur.
Kral ailəsində gərginlik
Şahzadənin bu il Milad yürüşündə Kral Çarlz və digər ailə üzvləri ilə birlikdə iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Krallıq mənbələri, Çarlzın bu məsələ ilə bağlı qərarını vermədiyini bildirir.
Endryunun adı daha əvvəl də qalmaqallarla hallanmışdı. O, Vircinia Qiuffrenin 17 yaşında olarkən ona qarşı cinsi təcavüz ittihamından sonra bütün hərbi titullarını və krallıq himayələrini itirmişdi. Məhkəmə xaricində razılığa gələn Şahzadə Qiuffreyə 12 milyon funt-sterlinq təzminat ödəməyi qəbul etmişdi.
Bu yeni qalmaqal Şahzadənin nüfuzunu bir daha ciddi şəkildə zədələyib və krallıq ailəsini yeni bir çətin sınaq qarşısında qoyub.
Aydın