“Türkiyə türkmənlərin dövlət qurmasına kömək etməlidir”.
Bu sözləri Suriyanın parçalanması yönündəki iddiaları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bəzi ölkələr sözdə Suriyanın vahidliyini dəstəkləyir, əməldə isə tamamilə fərqli iş görür:
“Beynəlxalq təşkilatlar, BMT, Avropa İttifaqı Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını irəli sürür. Türkiyə də Suriyanın ərazi bütövlüyü barədə danışır. Sözdə heç kəs Suriyanın parçalanmasını istəmir. Jurnalistlər və ayrı-ayrı ekspertlər səviyyəsində isə kürd dövlətinin, eləcə də türkmənlərin ən azı muxtariyyət şəklində hüquqlarının tanınmasını tələb edənlər var. Millətçilik nöqteyi-nəzərdən demirəm, lakin Kərkük çoxdan müstəqil olmalı idi. Kürdlərə İraq ərazisində muxtariyyət veriblər. Kürdlər Kərkükü uda-uda gedir, əsasən də türkmənləri. Əslində isə onlara azərbaycanlılar demək lazımdır, çünki ora Azərbaycan torpaqları olub. Odur ki, türkmənlərin müstəqillik almaq haqqı var”.
“Kərkükün müstəqil olmasına bir zaman Türkiyə mane oldu. ABŞ İraqa hücum çəkərkən qarşılıqlı sövdələşmədə narazılıq baş verdi. İndi isə münasib şərait yetişib. Bundan istifadə etmək olar. Hətta Ərdoğan Azərbaycanı Suriyanın bərpasına dəvət edir. Görünür, çox şey Türkiyənin əlindədir və ABŞ Türkiyəyə ixtiyar verib. Vaxtilə o ərazilər Osmanlının olub. Türkiyə o ərazilərdə türkmənlərin dövlət qurmasına kömək etməlidir”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd