Fikrət Yusifov: “Bizdə dövlət büdcəsinin vəsaitlərindən istifadə sahəsində sui-istifadə halları yetərincədir”
Dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Maliyyə Forumu” keçiriləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir. Qeyd olunub ki, forum Azərbaycan Respublikasının bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri, muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, həmçinin digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.
Ümumən, Naxçıvanda Maliyyə Forumunun keçirilməsi yaxşı hadisədir. Çünki Naxçıvanda maliyyə ilə bağlı həqiqətən müzakirə ediləsi məsələlər var. Əsasən də Vasif Talıbovun 27 illik hakimiyyəti dövründə, xüsusən maliyyə sahəsində böyük əyintilər baş verib. O zaman Naxçıvan büdcəsinin süni şəkildə şişirdilməsi faktları var idi. Büdcəni talan edib səmərəsiz xərcləmişdilər. Hətta son bir ildə də Naxçıvanda büdcə vəsaitinin səmərəli istifadə edilməməsi məsələsi gündəmə gəlib. Bunu təkcə biz demirik. Ötən ay Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov Naxçıvana ayrılan vəsaitin səmərəli xərclənməməsinə toxundu: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasına cari ildə vəsait ayrılıb. Bu pulun istifadəsi arzuolunmaz səviyyədədir”. Bəzi millət vəkilləri də bu məsələyə toxunub. Görünən odur ki, həqiqətən də Naxçıvanda büdcə vəsaitlərinin xərclənməsində və investisiyaların cəlbində müzakirə ediləsi çoxlu suallar var. Maraqlıdır, Naxçıvanda keçiriləcək Maliyyə Forumunda bu cür məsələlərin müzakirəsi gözlənilirmi və müzakirə olunacaqmı?
“Belə bir aktual mövzunu tək Naxçıvanda deyil, ölkənin paytaxtında da geniş auditoriyalarda müzakirə etmək lazımdır”
Sözügedən məsələ ilə bağlı Naxçıvandan seçilən millət vəkillərinin fikirlərini öyrənməyə çalışsaq da, bu mümkün olmadı.
Bununla bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq maliyyə naziri, professor Fikrət Yusifov məsələ ilə bağlı bir sıra məqamlara toxundu: “Peşəkar maliyyəçilərin maliyyə vəsaitlərindən istifadə ilə bağlı yaxşı deyimləri var. Məsələn, “pul həmişə çatışmır”, “pulu xərcləyəndə qazanmaq lazımdır” kimi deyimlər çox haqlı deyimlərdi. Pulun çatışmazlığından varlı ölkələr də, kasıb ölkələr də həmişə şikayətçidir. Elə götürək öz ölkəmizi. Müstəqilliyimizin ilk illərində Dövlət büdcəsinin gəlirləri 360 milyon ABŞ dolları olanda da pul çatışmırdı, indi büdcəmizin xərcləri 41 milyard manat və ya 24 milyard dollardan çox olduqda da vəsait çatışmazlığından şikayət edirik. Bu təbiidir, bu vəziyyətə bütün dünyanın bütün ölkələrində rast gəlmək mümkündür. Ona görə pulu, həcminin hansı böyüklükdə olmasından asılı olmayaraq, səmərəli xərcləmək lazımdır. Yəni onu xərcləyəndə qazanmaq lazımdır. Bu prinsip xərclərin əsasına qoyulduğu halda, az xərclə daha böyük nəticələr əldə etmək mümkün olur. Əks halda, böyük pullarla gözləntinin 1/5-i qədərində də nəticə hasil edə bilməzsən. Bu mövzuda dəfələrlə danışmışıq. Bu gün çox təəssüf ki, bizdə dövlət büdcəsinin vəsaitlərindən istifadə sahəsində sui-istifadə halları yetərincədir. Tenderlərin şəffaflığı formal təmin edilsə də, real olaraq bu şəffaflığı, demək olar ki, əksər hallarda, xüsusilə də iri layihələrdə görmək mümkün olmur. Ona görə də belə bir aktual mövzunu tək Naxçıvanda deyil, ölkənin paytaxtında da geniş auditoriyalarda müzakirə etmək lazımdır”.
Vidadi ORDAHALLI