AZ

Mədəniyyət Nazirliyi musiqi müəllimlərinin "canına vəlvələ salıb"…

Image

Kamran Əsədov: “Musiqi müəllimləri üçün attestasiyanın qəfil elan olunması və qısa hazırlıq müddəti onların peşəkar hazırlığına ciddi təsir göstərə bilər”

Muzey Mərkəzində keçirilən brifinqdə Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov fevral ayının 3-dən başlayaraq musiqi müəllimlərinin attestasiyadan keçiriləcəyi barədə məlumat verib. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyası keçiriləcək. Nazirlikdən verilən məlumata görə, attestasiyada məqsəd müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmənin ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sumqayıtda yaşayan bir qrup müəllim attestasiya ilə bağlı bəzi məqamlara etiraz edib. Onlar bildiriblər ki, bir əsərin öyrənilməsinə ən azı üç ay vaxt tələb olunur. Amma onlara çox az vaxt verilib: "Qısa müddət ərzində biz o qədər əsərləri necə öyrənib çatdıracağıq? Digər fənn müəllimlərini sertifikasiyadan keçirəndə imtahanın vaxtı və proqram əvvəldən elan olunur. Bizsə çıxılmaz vəziyyətdəyik. Qəfil açıqlama verdilər ki, musiqi müəllimlərini attestasiyadan keçirəcəklər".

Müəllimlər qeyd ediblər ki, attestasiya xəbəri yayılandan bir müəllim insult keçirib, hazırda xəstəxanadadır: “Musiqi müəllimləri 12 dərs saatına görə 450 manat maaş alır. Bu məbləğə işləməyə razıyıq. İndi də bizə deyirlər ki, imtahan olacaq, imtahandan kəsilənlərlə əmək müqaviləsinə xitam veriləcək. Müəllimlərimizdən biri bu xəbəri eşidəndən sonra insult keçirib, hazırda xəstəxanadadır. Heç digər müəllimlərin sertifikasiyasında belə sərt qaydalar yoxdur. Onlara bir il şans verilir. Bizi imtahan edəcəklər, amma bilmirik imtahana hansı əsərlər salınacaq".

Görəsən, müəllimlərin 1 ay ərzində attestasiyaya hazırlaşması mümkündürmü?

“Musiqi müəllimlərinin attestasiyası məsələsində beynəlxalq təcrübədən nümunə götürülərək, bu proses həm şəffaf, həm də effektiv şəkildə təşkil edilməlidir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası son illər təhsil sahəsində müzakirə edilən əsas mövzulardan biridir. Bu prosesin məqsədi müəllimlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək, təhsilin keyfiyyətini artırmaqdır: “Lakin attestasiyanın təşkilati tərəfləri, xüsusilə də proqramın vaxtında elan edilməməsi və hazırlıq müddətinin qısa olması müəllimlər arasında narazılığa səbəb olur. Sumqayıtda bir qrup musiqi müəlliminin etirazı da bu problemlərin mövcudluğunu açıq şəkildə göstərir. Musiqi müəllimlərinin hazırlığı adi fənn müəllimlərindən fərqlənir. Musiqi ifaçılığı xüsusi zaman, təcrübə və praktika tələb edir. Müəllimlərin dediyi kimi, bir musiqi əsərinin mükəmməl ifası üçün ən azı üç ay vaxt lazımdır. Bu, yalnız musiqinin notlarına hakim olmaq deyil, əsərin emosional məzmununu və texniki çətinliklərini də mənimsəməyi əhatə edir. Attestasiyada tələb olunan əsərlərin siyahısı çox genişdirsə və bu siyahı qısa müddət ərzində təqdim edilibsə, müəllimlərin narahatlığı haqlıdır. Belə yanaşma nəinki onların hazırlığını çətinləşdirir, həm də nəticələrin obyektivliyinə kölgə sala bilər”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycanın təhsil sahəsində aparılan sertifikasiya və attestasiya prosesləri ümumilikdə müəllimlərin peşəkar inkişafını təşviq etməyə yönəlib. Lakin bu proseslərin təşkilində bir sıra problemlər mövcuddur. Ölkəmizdə müəllimlərin sertifikasiyasının əsas məqsədlərindən biri təhsildə keyfiyyəti yüksəltməkdir. Bu məqsəd beynəlxalq təcrübəyə uyğun olsa da, həyata keçirilmə üsulları çox vaxt problemin həllindən çox, yeni çətinliklər yaradır: “Misal üçün, Azərbaycan Təhsil Nazirliyinin məlumatına görə, son illərdə orta məktəb müəllimlərinin sertifikasiyası zamanı hazırlıq mərhələsində bəzi narazılıqlar qeydə alınıb. Bənzər problemlər musiqi və incəsənət məktəblərində də müşahidə olunur. Dünya təcrübəsində müəllimlərin sertifikasiyası və attestasiyası üçün xüsusi mexanizmlər tətbiq olunur. Məsələn, Finlandiya və Sinqapur kimi təhsildə qabaqcıl olan ölkələrdə müəllimlərin attestasiya prosesləri uzunmüddətli və mərhələli şəkildə həyata keçirilir. Bu ölkələrdə müəllimlərə hazırlıq üçün kifayət qədər vaxt verilir və proqram tələbləri aylar öncədən açıqlanır. Finlandiyada müəllimlərin peşəkarlığını qiymətləndirmək üçün nəzəri biliklərlə yanaşı, praktiki təcrübə və şəxsiyyətin pedaqoji potensialı da nəzərə alınır. Musiqi müəllimlərinin qiymətləndirilməsində isə xüsusi proqramlar tətbiq olunur. Məsələn, ABŞ-da musiqi müəllimləri üçün nəzərdə tutulan “National Association for Music Education” (NAfME) proqramı müəllimlərin praktiki və nəzəri biliklərini balanslaşdırılmış şəkildə qiymətləndirir və nəticələrin obyektivliyini təmin edir. Azərbaycan təcrübəsinə gəldikdə, musiqi müəllimləri üçün attestasiyanın qəfil elan olunması və qısa hazırlıq müddəti onların peşəkar hazırlığına ciddi təsir göstərə bilər. Musiqi müəllimləri yalnız pedaqoji biliklərə deyil, həm də yüksək ifaçılıq bacarığına sahib olmalıdırlar. Bu bacarıqların dəyərləndirilməsi isə yalnız mükəmməl planlanmış və şəffaf bir proseslə mümkündür. Əgər proqram tələbləri çox genişdir və müəllimlərə kifayət qədər vaxt verilmirsə, bu, onların həm psixoloji, həm də peşəkar vəziyyətinə mənfi təsir edəcək. Attestasiyanın məqsədi müəllimlərin zəif tərəflərini müəyyənləşdirərək onları inkişaf etdirmək və peşəkar standartları yüksəltmək olmalıdır. Bunun üçün bir neçə vacib addım atılmalıdır. Attestasiya proqramı ən azı altı ay öncədən elan edilməli, müəllimlərə hazırlıq üçün kifayət qədər vaxt tanınmalıdır. Proqram tələbləri müəllimlərin gündəlik iş praktikasına uyğun olmalı, real imkanlar nəzərə alınmalıdır. Həmçinin, attestasiya prosesi zamanı təkcə ifaçılıq deyil, həm də nəzəri biliklər və pedaqoji bacarıqlar balanslaşdırılmış şəkildə qiymətləndirilməlidir, beynəlxalq təcrübədən istifadə olunaraq, musiqi müəllimlərinin qiymətləndirilməsi üçün müasir metodikalar tətbiq edilməlidir.

Bütün bu məsələlər nəzərə alınmadığı halda, attestasiya müəllimlərin narazılığını artıracaq və onların peşəkar motivasiyasını azaldacaq. Əksinə, düzgün planlanmış və şəffaf bir qiymətləndirmə sistemi həm təhsilin keyfiyyətinə, həm də müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərə bilər. Musiqi müəllimlərinin attestasiyası məsələsində beynəlxalq təcrübədən nümunə götürülərək, bu proses həm şəffaf, həm də effektiv şəkildə təşkil edilməlidir. Bu, müəllimlərin etimadını qazanmaq və təhsil sahəsində keyfiyyət artımı əldə etmək üçün vacibdir”.

Günel CƏLİLOVA





Seçilən
26
1
baki-xeber.com

2Mənbələr