AZ

Azərbaycan onların önəmini Vətən müharibəsində isbatladı, Rusiya 4 il sonra hərəkətə keçdi...

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, 2025-ci ilin üçüncü rübündən yeni qoşun növü fəaliyyətə başlayacaq. Yeni qoşun növü Pilotsuz Sistemlər Qoşunları adlanacaq.

 

Rusiyada PUA-larla bağlı ayrıca qoşun  növünün yaradılması Kremlin pilotsuz sistemlərə, onların müasir hərbi əməliyyatlardakı roluna verdiyi önəmi göstərir. Bu fakt sübut edir ki, Rusiya və eləcə də dünyanın bütün qabaqcıl ordularında PUA-ların rolu getdikcə artmaqda, digər qoşun növlərinin əhəmiyyətini tədricən üstələməkdədir. Məhz bu səbəbdən də pilotsuz aparatlarla bağlı ayrıca qoşun növlərinin yaradılması, bu sahəyə daha böyük vəsaitlərin ayrılması həyata keçirilir.

 

Xatırladaq ki, dünya hərb tarixində pilotsuz uçuş aparatlarından ilk kütləvi və effektiv istifadə rekordu Azərbaycana məxsusdur. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu kütləvi dron zərbələrinə məruz qoyan Azərbaycan, həm müşahidə, həm də zərbə dronlarından müvəffəqiyyətlə istufadə etmiş, düşmənin dağıdıcı raket sistemlərinin böyük əksəriyyətini məhz PUA-lar vasitəsilə sıradan çıxarmışdı. Nəticədə, müharibə dövründə Azərbaycan Silahlı Qüvvələri səmada birmənalı şəkildə üstünlüyə malik olmuş, dronlar vasitəsilə quru əməliyyatlarına ciddi dəstək vermişdir.

 

Müharibə dövründə və eləcə də müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin bir çox təcrübələri kimi PUA-larla bağlı ortaya qoyduğu zəngin təcrübə də ABŞ, Rusiya, Çin və digər dövlətlər tərəfindən öyrənilmiş, tədqiq edilmişdir. Məhz 44 günlük Vətən müharibəsi praktiki şəkildə sübut etmişdir ki, gələcək müharibələr yerdən daha çox səmanı əhatə edəcək, kimin qalib gələcəyini onun səmadakı üstünlüyü müəyyən edəcək. Üç ildir ki, davam edən Ukrayna-Rusiya müharibəsi bir daha sübut etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində ortaya qoyduğu nümunə doğrudan da əvəzsizdir və bu nümunə öz təhlkəsizliyinin qayğısına qalan hər bir dövlət üçün əvəzsiz əhəmiyyətə malikdir.

 

Bir sözlə, Rusiyada Pilotsuz Sistemlər Qoşunlarının yaradılması Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki peşəkarlığı ilə dünya ordularının inkişafına bu gün də yön verdiyini, Silahlı Qüvvələrimizin təcrbəsinin ümumdünya əhəmiyyətinə malik olduğunu göstərir. Və bu fakt bir daha sübut edir ki, ordumuzla nə qədər fəxr etsək azdır!

 

Seymur ƏLİYEV

 

 

Seçilən
18
moderator.az

1Mənbələr