"Belə bir görüşə nail olmaqla Nikol Paşinyan Donald Trampı Ermənistanın ABŞ-ın bölgədəki siyasəti üçün faydalı ola biləcəyinə inandırmağa çalışacaq".
Bunu politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-ın yeni prezidenti Donald Trampla görüşə can atmasını şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, Ermənistan hər zaman özünə hami tapmağa çalışıb:
"Rusiyaya güvənmələrindən heç nə alınmadı. Moskva onlar üçün yaxşı hami olmadı. Bu səbəbdən İrəvan indi də özünə Qərbdə, Fransa və ABŞ-da yeni sahib axtarır. Onun üçün də Paşinyan ABŞ-ın yeni prezidenti Donald Trampla görüşə can atır. Bu görüşlə Paşinyan Trampı Ermənistanın ABŞ-ın bölgədəki siyasəti üçün faydalı ola biləcəyinə inandırmalıdır. Ona görə də Ermənistanın problemlərinin olmadığı görüntüsünü yaratmağa, Azərbaycanla münasibətlərinin yaxşı olduğunu göstərməyə çalışır. Amma bu münasibətlərin yaxşı olması üçün Ermənistan Azərbaycanın təklif etdiyi bir neçə şərti yerinə yetirməlidir. Yalnız bu şərtlər yerinə yetiriləcəyi təqdirdə, Azərbaycanla sülh müqaviləsi bağlanıla bilər. Odur ki, bu asan məsələ deyil".
Ekspert qeyd edir ki, Paşinyanın Trampın etimadını qazana bilməsi ölkəsinin Azərbaycanla sülh müqaviləsi bağlamasından, Rusiya ilə münasibətləri kifayət qədər kəsməsindən asılıdır:
"Bunlara nail olsa, Paşinyan Tramp üçün müəyyən maraq doğura bilər”.
Qeyd edək ki, erməni mətbuatı Paşinyanın Vaşinqtonla əlaqələri dərinləşdirmək üçün Xarici İşlər Nazirliyinə nəyin bahasına olur-olsun, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ikitərəfli görüşü hazırlaq tapşırığı verdiyindən yazıb. Bu əsasda iqtidar dairələri Paşinyanın fevralda Vaşinqtona səfər edə biləcəyi barədə məlumat yayıblar.
Bu mövzuya toxunan "Respublika Meydanı" Teleqram kanalı baş nazirinin ofisindəki mənbəsinə istinadla bildirir ki, Paşinyan Trampın xarici siyasət fəaliyyəti fonunda Ağ Evin yeni administrasiyası ilə işi mümkün qədər sürətləndirmək qərarına gəlib.
Müəlliflərin fikrincə, bu, Paşinyanın Bakı və İrəvan arasında uzun müddətdir davam edən sülh prosesini Trampın hakimiyyəti dönəmində yekunlaşdırmaq istəyi ilə bağlıdır.
"Bu halda Paşinyan Azərbaycanın irəli sürdüyü bütün tələbləri yerinə yetirməyə hazırdır", mənbə əlavə edir.
Rüfət Sultan
Mənbə: qaynarinfo.az