AZ

Xəzər Ağalızadə: “Hər şey öz əlimizdədir”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Xəzər Ağalızadə federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, futzal yığmamız Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində sabah İsveç millisi ilə qarşılaşacaq.

Komandamız dekabrın 9-dan təlim-məşq toplanışına yığışıb və hazırlığını plana uyğun şəkildə davam etdirir. Bu gün oyunöncəsi son məşqini keçirən millimizin üzvü Xəzər Ağalızadə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında həm toplanışı dəyərləndirib, həm də rəqiblə bağlı fikrini bildirib:

“Bir həftədən çoxdur ki, təlim-məşq toplanışındayıq. Həm taktiki, həm də fiziki planda çalışmalar yerinə yetirdik. Bu gün Bakı İdman Sarayında ilk, ümumilikdə isə oyuna hazırlıq baxımından son məşqimizi keçirdik. Komanda olaraq çox istəkliyik. Doğma meydan amili və azarkeş üstünlüyünü lehimizə çevirməliyik. Maraqlı görüş olacağını düşünürəm. Təəssüfləndiyim məqam odur ki, kapitanımız Emin Kürdov və hücumçu Kənan Manafov zədə səbəbindən bizə kömək edə bilməyəcəklər”.

Millinin aparıcı üzvlərindən olan futzalçı İsveçlə bağlı da danışıb: “UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu ölkənin çempionu – “Uddevalla” ilə qarşılaşmışdıq. İsveç millisinin əksər üzvləri bu klubda toplaşıb. Bundan başqa, İsveçin Yunanıstanla görüşünü də izləmişik. Müəyyən məlumata sahibik. Baş məşqçimiz də müəyyən tapşırıqlar verib. Məncə, hər şey öz əlimizdədir. Sabah birlikdə uğur qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq. Azarkeşlərimizin bu oyunda bizi dəstəkləməsini istərdim”.

Azərbaycan – İsveç oyunu sabah – dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək oyunda azarkeşlər üçün zala giriş biletsiz olacaq.

Seçilən
16
2
arena.az

3Mənbələr