AZ

Suriya üçün “Yol xəritəsi” -prezident o ola bilər

Azərbaycan və Türkiyə eyni mövqedə; “Milyonlarla suriyalıya sığınacaq verməsi də Ankara üçün faydalı oldu”

Bəşər Əsəd rejiminin çöküşündən sonra ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalır. Bu prosesdə əsas rol oynayacaq güclərin, dövlətlərin adı artıq bəlli: Türkiyə, ABŞ, İsrail, Avropa Birliyi. Artıq bu yöndə pozitiv hərəkətlənmə də var.

Ötən həftəsonu Bəhreyn, Böyük Britaniya, Almaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ, Fransa, eləcə də Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen birgə bəyanat yayıb. Sənəddə Suriyanın beynəlxalq təcrid vəziyyətinə son qoymaq şansı olduğu bildirilir. Qeyd olunub ki, bu misli görünməmiş keçid dövründə Suriya xalqını dəstəkləməyə və onlarla işləməyə hazırdırlar.

“Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd Colani isə ölkə televiziyasına müsahibəsində bildirib ki, Suriyadakı bütün silahlı qrupları ləğv edəcək. O, ölkədə dövlət qeydiyyatında olmayan silahların qalmayacağını deyib. Colani həmçinin bildirib ki, ətrafı və xalq dəstəkləsə, Suriyanın prezidenti olmağa da hazırdır. O, qanunun aliliyinə əsaslanan dövlət yaratmağa çalışdığını vurğulayıb. Qeyd edib ki, Suriyada demokratik yolla hakimiyyətə gəlməyin yeganə yolu seçki qutusu olmalıdır.   

Onun sözlərinə görə, Suriya hakimiyyəti bir sıra ölkələrlə birgə müdafiəyə dair sazişlər bağlamaq və strateji əlaqələr qurmaq niyyətindədir. Lakin o, ölkə adı çəkməyib. Ancaq şübhə yox ki, həmin ölkələrin arasında qardaş Türkiyə öndə gəlir.

Ümumiyyətlə, Suriyada həm də çoxmilyonlu türk əhalinin yaşadığını nəzərə alsaq, bu məsələlərə, Suriya üçün “yol xəritəsi”nə Türkiyə və Azərbaycanın töhfəsi, dəstəyi nədən ibarət ola bilər?

Elxan

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, Suriyada yeni mərhələ başlayır və ölkədə müxtəlif dinlərin və məzhəblərin ortaq məxrəcə gələrək hamının dəstəklədiyi hakimiyyət formalaşdırması bu ölkə üçün ən ideal variantdır: “Ancaq təəssüf ki, biz hər zaman Yaxın Şərqdə fərqli örnəklərin şahidi olmuşuq. Suriya üçün ən pisi odur ki, bu ölkədə müxtəlif dövlətlərin maraqları kəsişir. Böyük oyunçular Suriyada pay sahibi olmağa çalışacaqlar. Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir.

İranın mühafizəkar dairələri qısa zaman kəsiyində illərin iki müttəfiqini itirdi. İsrail “Hizbullah”ın liderlərini, komandirlərinin əksəriyyətini öldürərək təşkilatı zəiflətdi, Suriyadakı silahlı qruplar isə Bəşər Əsədi devirdilər. İranda islam inqilabından bu yana Tehran bu iki müttəfiqi vasitəsilə rəqiblərinə meydan sulayırdı. İrandakı mühafizəkar qüvvələr məhz Suriya və “Hizbullah”ın imkanlarıdan istifadə edərək İsraillə mübarizə aparırdı. İran Suriyanın hava sahəsindən istifadə edərək İsrailə zərbələr endirirdi. İranın mühafizəkar dairələrinin əlindən bu imkan çıxdı. Birincisi, Suriya üzərindən İranla “Hizbullah” arasında quru əlaqəsi ortadan qaldırıldı. İkincisi, Suriyadakı yeni qurulacaq hakimiyyət ata və oğul Əsəd dövründə olduğu kimi, Tehranla müttəfiq münasibətlər qurmayacaq. 

Buna baxmayaraq, Suriyada baş verənlər İranın islahatçı prezidenti Məsud Pezeşkianın maraqlarına cavab verir. O, İrandakı mühafizəkar qüvvələrdən fərqli olaraq İranın məhdud maliyyə resurslarının ölkə daxilində istifadə olunmasının tərəfdarıdır. Halbuki mühafizəkar qüvvələr İranda yaşayanların ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Əsəd rejiminin və “Hizbullah”ın ayaqda qalması üçün hər il on milyardlarla dollar xərcləyirdi. Pezeşkian bundan sonra həmin milyardların İranda xərclənməsinə çalışacaq. Suriya olayları İranı başqa dövlətlərin daxili işlərinə qarışmaqdan və bölgədəki silahlı qrupları dəstəkləməkdən çəkindirməlidir. Əks halda, dəyişikliklər Suriya ilə yekunlaşmayacaq.

“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq” - bunu Suriya prezidenti Bəşər Əsəd ötən ilin noyabrın Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyana söyləmişdi. Bu, təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlı idilər. Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət edirdilər. Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi. Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı. Ermənilər Əsədin simasında sadiq dostlarını itirdilər. 

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın keçmiş mətbuat katibi Samvel Fərmanyan Suriyadakı son hadisələr fonunda Bəşər Əsədin 2009-cu ildə İrəvana səfərini xatırlayaraq bunları yazdı: “Bəşər Əsəd Serj Sərkisyana deyib ki, Dəməşq Ankara ilə münasibətləri normallaşdırmağa başladığına görə "erməni soyqırımını" tanıya bilməyəcək. Serj Sərkisyan Əsədə cavab olaraq dedi ki, “Siz türkləri yaxşı tanımırsız, nəticələr fərqli ola bilər”. Mən 2014-cü ildə deputat kimi Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri kimi Dəməşqə səfər etdim. Bəşər Əsədlə görüşdük. Əsəd mənə dedi ki, Serj Sərkisyan haqlı idi, mən türkləri yaxşı tanımamışam". 

Samvel Fərmanyan bunları ona görə xatırlayıb ki, guya Bəşər Əsədi Türkiyə devirib. Suriyada 14 il bundan əvvəl başlayan qanlı hadisələrin Türkiyə ilə əlaqəsi yoxdur, insanlar rejimə qarşı ayağa qalxmışdılar. Əsəd rejimi onlara qarşı gücdən istifadə etdi. Buna baxmayaraq, Ermənistandakı siyasi qüvvələr heç zaman Əsədin xalqına qarşı törətdiyi qətliamlardan danışmadılar. Çünki Moskva və Tehran kimi İrəvan da Əsədi müttəfiq sayırdı".

Elxan Şahinoğlunun fikrincə, Əsəd rejiminin süqutu Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir: “Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq.  

Türkiyə və Azərbaycan prezidentlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin Azərbaycanla da əlaqəsinin olduğunu göstərir. Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişəcək. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə isə bu illər ərzində səbr nümayiş etdirdi və sonda qazanan ölkə oldu. 

Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın Dəməşqə səfər etdi. Bu, Suriyada Əsəd rejimi devrildikdən sonra Suriyaya gedən ilk xarici heyət idi. Suriyada müvəqqəti hökumət fəaliyyətə başlayıb. Bu hökumət insanların sosial problemlərini həll etməli və müharibə zamanı dağılan infrastrukturu bərpa etməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur. Suriyanın dəstəyə ehtiyacı var. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu, Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər etdi. Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər. Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankara üçün faydalı oldu. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".

Politoloq bildirir ki, Türkiyənin Suriyada maraqlarının təmin edilməsi Azərbaycanın da maraqlarına cavab verir: “Türkiyənin hədəflərindən Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq. Azərbaycan Türkiyənin Suriyada humanitar aksiyalarında yer ala bilər. Suriya infrastukturunun yenidən qurulmasında Türkiyə şirkətləri ilə birgə Azərbaycan şirkətləri də iştirak edə bilər. Azərbaycan Suriyada səfirliyinin fəaliyyətini bərpa edəcək. Türkiyənin Suriyada mövqelərinin möhkəmlənməsi Ankaranın Cənubi Qafqazda da mövqelərini möhkəmləndirəcək. Bunu Ermənistanda da anlayırlar. Odur ki, Ermənistan hökuməti konstitusiyada dəyişiklik edib nə qədər tez Azərbaycanla sülh sazişi imzalasa, bir o qədər onun üçün faydalı olacaq. Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin qurulmasına da şərait yaradacaq”.

Jurnalist

Kənan Rövşənoğlu

Siyasi şərhçi Kənan Rövşənoğlu isə qeyd edib: “Türkiyə hazırda Suriyada üsyançıları dəstəkləyən əsas ölkədir və yəqin ki, Suiryanın yenidən qurulmasında iştirak edəcək. Lakin hazırda Suriyanın qarşısında çox ciddi problemlər var, ölkə və onun yeni sahibləri bu problemləri həll eləməlidir. Suriyada 1,5 milyon civarında türkmən yaşayır, onlar əsasən Türkiyə ilə yaxın əlaqələrə malikdirlər. Amma əlbəttə, Azərbaycan da gələcəkdə Suriya türkmənlərinə hansısa dəstək göstərə bilər. Məsələn, kəndlərin bərpa olunması və ya hər hansı maddi yardım və sair kimi. Amma Suriyada türkmənlər ayrıca bir muxtariyyət və ya özünüidarə orqanına malik olmadığı üçün sadəcə türkmənlərə maddi yardım etmək çətindir. Mümkündür ki, Azərbaycan da Türkiyənin istəyi ilə Suriyanın yenidən inşasına maddi dəstək göstərsin. Amma bunun üçün hələ vaxt var. Çünki hazırda hərbi-siyasi problemləri aradan qaldırmaq, siyasi keçidi təmin etmək lazımdır. Azərbaycan isə Suriya ilə birbaşa qonşuluq əlaqələri və regionda xüsusi maraqları olmayan ölkə olduğu üçün prosesdə iştirak etmir. Qeyd olunan region ölkələri və eləcə də ABŞ, Aİ hazırda bu prosesdə iştirak edir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

phrase_var_article.chosen
56
3
musavat.com

10phrase_var_article.sources