AZ

Xüsusi şəraitdə çalışan işçilərə tətbiq edilən əlavə əməkhaqqı və qidalar

Bəzi ərazilər və fəaliyyət sahələri xüsusiyyətlərinə görə əmək şəraiti ağır və zərərli, habelə xüsusilə ağır və zərərli işlər hesab edilir. Bu səbəbdən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. 

Mövzu ilə bağlı “vergiler.az”a əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlama verir: 

Yuxarıda sadalanan hallar Əmək Məcəlləsinin 159-cu maddəsində öz əksini tapıb. Əməkhaqqına belə artımların məbləğinin minimum miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən, həmin kateqoriyalara aid olan müəssisə, idarə və təşkilatlarda iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan sahələrdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq, artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

Ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində -1,04
orta səviyyəsində -1,08
yuxarı səviyyəsində -1,12

Xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində -1,16
orta səviyyəsində -1,2
yuxarı səviyyəsində -1,24

Yuxarıdakı cədvəldə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə ödənilməli artımın minimum məbləği müəyyən olunub. Bu göstərici müəyyən edilmiş normadan artıq da verilə bilər. Digər bir məsələ isə artımın işçinin tarif maaşına tətbiq olunmasıdır.

Misal 1: İş yerlərinin attestasiyasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin orta səviyyəsində təsnifləşdirilmiş iş yerində çalışan işçinin tarif maaşı 400 manatdırsa, işlədiyi iş yerinin kateqoriyasına əsasən, işçinin alacağı əməkhaqqı 432 manat olacaq:
400 x1.08= 432 manat.

Susuz torpaq ərazisi hesab edilən yerlərdə çalışanlar

Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 km və ondan çox olduqda isə 1,4 məbləğində müəyyən edilib. Susuz ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə həmin ərazilərin xəritəsi hazırlanır. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əməkhaqqına artım əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırılır.

Susuz ərazilərlə bağlı artım əmsalları yuxarıda əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilər üçün müəyyən edilmiş artım əmsallarından fərqli olaraq, işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qararının 1 nömrəli Əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir.

Xəzər dənizində yerləşən müəssisələrdə çalışanlar

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına, sahillə əlaqə şəraitindan asılı olaraq, artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

Sahillə quru yol əlaqəsi olduqda 1,4
Quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə
  • 0,5 km-ə qədər
1,5
  • 0,5 km-dən 70 km-ə qədər
1,65
  • 70-km-dən artıq
1,75

Misal 2: Xəzər dənizində yerləşən obyektlərdə çalışan şəxsin iş yerinin quru yol əlaqəsi yoxdur və sahildən 50 km uzaqlıqda yerləşir. İşçinin tarif maaşı 640 manatdır. Əməkhaqqına əlavə nə qədər olacaq?
640 x 1.65 = 1056 manat.

Dəniz səviyyəsindən hündürlükdə çalışanlar

Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqında hündürlük:

- 1.200 metrdən 1.500 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,1;
- 1.500 metrdan 2.000 metrǝdak olduqda 1,2;
- 2.000 metrdan yuxarı olduqda isə 1,3 məbləğində müəyyən edilir.

Dəniz səviyyəsindən 1.200 metrdən 1.500 metrədək, 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1 və 2 nömrəli əlavələrinə uyğun qaydada müəyyən edilir.

Bu artım əmsalları da işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının 1 nömrəli Əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir:
- kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başcılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı.

Misal 3: Gədəbəy rayonunun Düzyurd kəndində dəniz səviyyəsindən yüksəkdə işləri yerinə yetirən fəhlənin aylıq tarif maaşı 700 manatdır. Düzyurd kəndi Nazirlər Kabinetinin müvafiq qərarının 1 nömrəli Əlavəsinə əsasən, dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək hündürlükdə yerləşdiyini nəzərə alaraq, işçiyə ödəniləcək əlavəni müəyyən edək. Qərara əsasən, həmin hüdürlükdə yerləşən müəssisədə çalışan işçinin əməkhaqqına tətbiq olunacaq artım əmsalı 1.2-dir. Deməli, işçi 840 manat əməkhaqqı alacaq:
700 x 1.2 = 840 manat.

Əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2.000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"na əsasən, iş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu cədvəli əsasında müəyyən edilir. İş yerlərinin attestasiyasının nəticələrinə uyğun olaraq əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, istehsalat mühiti amillərinin zərərliliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə müəyyən edilir.

Zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışanlara pulsuz yeməklərin verilməsi

Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması prinsipləri müəyyən edilib. Həmin prinsiplərdən biri də işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsidir.

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər. Bu qaydalar Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarı ilə təsdiq edilib. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli, ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, həmin qida məhsullarının verilməsi dayandırılır.

Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı"na əsasən müəyyən edilir. Qərarda iş yerləri 2 kateqoriyaya ayrılıb. Bu kateqoriyalardan birinə aid iş yerlərində çalışan işçilərə yuxarıda qeyd olunan məhsulların verilməsi öz əksini tapıb.

Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.

Əmək şaraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilir, pulsuz müalicə- profilaktik yemək verilən işçilərə isə süd verilmir. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir. Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir. Südün əvəzinə qaydalarda müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.

Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə saflaşdırılmış və konservləşdirilmiş bitki mənşəli yeyinti məhsulları, meyvə şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində 250-300 milliqram mət olan natural meyvə şirələri verilməsinə icazə verilir. Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan qabaq verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.

Müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə tutulmaqla ödənilir. Bu, Vergi Məcəlləsinin 109.3-cü maddəsi ilə təsdiq edilib. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmǝk müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə qaydalar şamil olunmayan zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.5-ci maddəsinə əsasən, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri gəlir vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.14.4-cü maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri də gəlir vergisindən azaddır.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

phrase_var_article.chosen
21
vergiler.az

1phrase_var_article.sources