AZ

Azərbaycanda hərbi xidmət müddəti azaldılır? – RƏSMİ AÇIQLAMA

Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Dəyişiklik təklifinə əsasən, hərbi xidmətə çağırış yaşı 35 yaşdan 30 yaşa endiriləcək.

Qanuna dəyişikliklər Milli Məclisin müvafiq komitəsində və plenar iclasında ilk oxunuşdan keçib.

Bir sıra ekspertlər çağırışçılar üçün hərbi xidmət müddətinin də endirilə biləcəyini iddia edir.

7Times.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov iddialara münasibət bildirib.

O qeyd edib ki, dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur: “Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər”.

Mətbuat katibinin sözlərinə görə, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək.

Ona görə də bir daha bildirirəm ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib. Sadəcə bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır”- P.Sədrəddinov bildirib (modern.az).

phrase_var_article.chosen
35
46
7times.az

10phrase_var_article.sources