AZ

Avropaya uzanacaq Qətər-Türkiyə qaz kəməri yenidən gündəmdə

Yazını böyüt
Yazını kiçilt

Suriyada qəfil rejim dəyişikliyi Türkiyə və Qətər üçün yeni imkanlar yaradıb.

Hafta.az-ın yazdığına görə, şərqşünas Leonid Tsukanov iddia edib ki, Türkiyə bu dəyişikliyi həm bölgədə kürd məsələsində üstünlük əldə etmək, həm də iqtisadi layihələri canlandırmaq şansı kimi görür. Bu layihələrdən biri də təbii qazı Qətərdən Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya daşıyacaq Qətər-Türkiyə qaz kəməridir. Layihə 2000-ci illərin əvvəllərində gündəmə gətirilsə də, 2009-cu ildə Bəşər Əsəd administrasiyasının müqaviməti ilə dayandırılıb.

Suriyada yeni hökumətin qurulması ilə Ankara bu layihəni yenidən gündəmə gətirmək imkanı əldə etdi. SETA-nın təhlilinə toxunan Tsukanov yazıb ki, Türkiyə bu kəməri həyata keçirməklə Avropanın ən mühüm qaz mərkəzi olmağı planlaşdırır. Beləliklə, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq hədəflənir. Bu layihə sayəsində Türkiyə həm iqtisadi, həm də siyasi baxımdan bölgədə güclü mövqe qazana bilər.

Qətər bu layihəni qaz ixracını şaxələndirmək və Avropa bazarında payını artırmaq üçün bir fürsət kimi görür. Qətərin 2030-cu ilə qədər dünya qaz bazarının 25 faizinə hakim olmaq məqsədi var. Bununla belə, Qətər mayeləşdirilmiş təbii qazın (LNG) nəqlinin təklif etdiyi çevikliyi və logistik üstünlüyü laqeyd qoymur. Ona görə də boru kəməri layihəsi Qətər üçün tamamlayıcı strategiya hesab olunur.

Tsukanovun sözlərinə görə, layihənin həyata keçirilməsində bəzi maneələr var. Suriyadakı siyasi qeyri-sabitlik və kürd qrupları, druz icmaları və iranyönlü milislər kimi müxtəlif qruplar arasında qarşıdurmaların davam etməsi layihənin həyata keçirilməsini çətinləşdirə bilər. Bundan əlavə, İsrailin Suriyanın cənubunda artan hərbi varlığı da təhlükədir. Bu cür geosiyasi gərginliklər boru kəməri marşrutu boyunca problemlər yarada bilər.

Avropa ölkələri layihə ilə bağlı rəsmi şərh verməkdən çəkinirlər. Lakin enerji böhranının təsiri və Rusiyadan asılılığın azaldılması zərurəti Avropanın bu cür təşəbbüslərə müsbət baxmasına səbəb ola bilər. Türkiyə və Qətərin bu layihəni həyata keçirmək səyləri bölgədəki enerji dinamikasını dəyişdirə və yeni strateji işbirliklərinə qapı aça bilər.

Seçilən
15
50
hafta.az

10Mənbələr