Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin diplomatik pasporta malik Gürcüstan vətəndaşları üçün vizasız səyahət rejiminin dayandırılması ilə bağlı qərarına münasibət bildirib.

Leqal.info xəbər verir ki, Baş nazir keçirdiyi mətbuat konfransında Avropa strukturlarının Gürcüstan cəmiyyətində özünə olan etimadı sarsıtdığını bildirib.

Hökumət başçısı qərarın sadəcə olaraq simvolik xarakterli tövsiyə olduğunu qeyd edib.

"Şuranın verdiyi yeganə tövsiyə diplomatik pasportlara malik olan şəxslər üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlıdır. Bu tövsiyə mahiyyət etibarı ilə simvolik xarakter daşımasına baxmayaraq, birmənalı olaraq anti-Gürcüstan addımı kimi qiymətləndirilməlidir. Avropa strukturları Gürcüstan cəmiyyətində özünə qarşı etimadı sarsıdır”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Leqal.info