AZ

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” tikir –Prezidentlə görüşdü /FOTO

Azərbaycanlı iş adamı Emin Ağalarov Özbəkistanda  Çervok su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzi tikəcək.

Azpost.info bildirir ki, bununla bağlı E.Ağalarov Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Prezident Şavkat Mirziyoyev dekabrın 16-da Daşkənd vilayətinin Bostanlıq rayonunda tikintisi nəzərdə tutulan beynəlxalq turizm mərkəzinin təqdimatı ilə tanış olub.

Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı iş adamı Emin Ağalarov bir sıra iri xarici şirkətlərlə əməkdaşlıq edərək Çervok su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzi tikmək arzusunu ifadə edib.

Layihəyə uyğun olaraq burada istirahət, hovuz və idman obyektləri, mehmanxanalar, kotteclər, yaşayış evləri tikiləcək. Beynəlxalq brendlərin mağazaları, restoranlar və xidmət stansiyaları açılacaq. Müxtəlif festivallar, konsertlər və digər mədəni tədbirlər keçiriləcək.

“Ziyarətçilərin rahatlığını artırmaq üçün iki sahil arasında körpü tikiləcək. Gələcəkdə o, bütün il boyu dincəlmək və yaşamaq mümkün olacaq unikal turizm mərkəzinə çevriləcək”-deyə hesabatda deyilir.

Dövlət başçısı bu təklifi bəyənib və onun beynəlxalq təcrübəyə əsaslanaraq layihələndirilməsinin və mərhələli şəkildə qurulmasının vacibliyini vurğulayıb.

Prezident Baş nazirin rəhbərliyi ilə komissiya yaradılaraq layihənin hüquqi bazasının yaradılması və infrastruktur məsələlərinin həlli ilə bağlı tapşırıqlar verib.

Emin Ağalarov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib ki, bu layihə “5-7 milyon kvadratmetr” (500-700 hektar) olacaq. Onun sözlərinə görə, “Sea Breeze Uzbekistan”-ın mərkəzində məktəblər, akvapark, istirahət parkları, su və qış idman kompleksləri tikiləcək.

“Dövlət başçısı bildirib ki, Azərbaycanda “Sea Breeze” layihəsinin uğurla fəaliyyət göstərməsindən xəbərdardır. Bu layihənin həyata keçirilməsində təcrübəmiz var”, – deyə o bildirib.

Sea Breeze 2006-cı ildə Emin Ağalarov tərəfindən əsası qoyulmuş 500 hektar premium dənizkənarı kurort və çimərlik kompleksidir. Kurort Xəzər dənizinin sahilində, Bakının mərkəzindən avtomobillə yarım saatlıq məsafədə yerləşir.

Seçilən
7
azpost.info

1Mənbələr