AZ

Suriyadakı proseslərdən Pekin də narahatdır: Əsədə qarşı savaşan uyğurlar silahı Çinə yönəldə bilər...

"Böyük dövlətlər Suriyadakı prosesləri diqqətlə izləyirlər. Bunların içərisində Çin də var. Bəşər Əsəd Çinə bir neçə dəfə səfər edib, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına ümid edirdi. Ancaq Pekin risk etmədi və dağılan Suriyaya yatırım qoymadı. Buna baxmayaraq, Pekini Suriyadakı vəziyyətlə bağlı narahat edən məqam var idi. Radikal uyğurlar müxalifət cinahında Əsəd rejiminə qarşı savaşırdılar. Türküstan İslam Partiyasının üzvləri olan həmin silahlı uyğurlar Əsəd ordusuna qarşı savaşda iştirak ediblər. Pekinin düşündürən odur ki, Əsəd rejimi süqut etdikdən sonra həmin uyğurların növbəti hədəfi nə olacaq?".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Suriyada Əsədi devirən “Heyəti Təhriri Şam” (HTŞ) təşkilatının rəhbəri Əbu Məhəmməd əl-Colani  ölkədəki bütün silahlı qruplar tərksilah olunmasını vurğulayıb: "Bu Suriyada savaşan uyğurlara da aiddir. Buna baxmayaraq, Türküstan İslam Partiyası Suriya rejiminin süqut etdiyi gün, dekabrın 8-də yaydığı videoda Pekini təhdid edib, onlar Şərqi Türküstan uğrunda mübarizə aparacaqları barədə bəyanat yayıblar. "Biz Humsda, İdlibdə döyüşmüşük və Şərqi Türküstanda mübarizəni davam etdirəcəyik. Silahlı uyğurlar Suriyanın liman şəhərləri olan Latakiya və Tartusun nəzarətə götürülməsində iştirak ediblər".

E.Şahinoğlu vurğulayıb ki, Türküstan İslam Partiyası HTŞ ilə ittifaq içində olub: "Pekin Suriya məsələsində Türkiyə, ABŞ və Rusiya qədər fəal olmasa da, silahlı uyğurların fəallığından narahat olmaya bilməz. Belə olan halda Pekinin də digər paytaxtlar kimi HTŞ rəhbərliyi ilə təmasa keçəcəyini proqnozlaşdırmaq olar. Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək. Aydındır ki, HTŞ rəhbərliyi Pekinin istəyi əsasında tərksilah olunan uyğurları Çinə təhvil verməyəcək. Bu halda Pekin çalışacaq ki, həmin uyğurlar heç olmazsa Suriyadan kənara çıxmasınlar. Ancaq bunu nəzarətdə saxlamaq çətin olacaq".

Seymur,

Sitat.info

Seçilən
10
1
sitat.info

5Mənbələr