Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) qadın futbolçulardan ibarət “Legal Eagles” komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab olunan “Mundiavocat 2024” turnirində gümüş medal əldə edib. ARVK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kollektiv ilk olaraq Meksika təmsilçisi "Tijuana”nı beş cavabsız qolla üstələyib.
Daha sonra Qazaxıstanın “Bereke” komandasını 8:1 hesabı ilə məğlub edən “Legal Eagles” Braziliyanın “Amazon Legis” kollektivinə uduzsa (0:2) da, növbəti mərhələyə vəsiqə qazanıb. "Tijuana” yarımfinalda təmsilçimizlə qarşılaşmaya çıxmaqdan imtina edib. Azərbaycan vəkilləri finalda Braziliyanın “Amazon Legis” kollektivinə məğlub olaraq gümüş medal əldə edib. Yarışın ən yaxşı qapıçısı həmyerlimiz Nərmin Nəbiyeva seçilib.
Kişilərdən ibarət “Advokat” komandası 21 kollektivin iştirak etdiyi yarışı beşinci yerdə başa vurub. 7 oyun keçirən “Advokat” 6 qələbə qazanıb, 1 heç-heçə edib, rəqib qapılarından 51 top keçirərək 13 qol buraxıb. “Advokat” 1/4 finalda Portuqaliya təmsilçisi "Braqa"ya penaltilər seriyasında yenilib.