Bu gün futbol veteranları arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan turnir keçirilir. Qubada təşkil olunan turnirdə Azərbaycan millisinin veteranları, "Neftçi", "Sumqayıt", Həvəskarlar Liqasının veteranları, Quba, Şabran, Xaçmaz və Qusar mübarizə aparır.
İdman.biz xəbər verir ki, turnirin iştirakçısı veteran futbolçu İsgəndər Cavadov Sport24.az-a müsahibə verib.
- Turnirlə bağlı fikirləriniz necədir?
- Çox gözəl təşəbbüsdur. Bu cür tədbirlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Cənab nazir Fərid Qayıbov turnirin keçirilməsində dəstəyini göstərir. Buna görə təşəkkür edirik. Bayram öncəsi bu turnirin keçirilməsi yaxşı oldu.
- Milli komandamızın baş məşqçisi Fernandu Santuşun istefa verəcəyi xəbəri yayılıb. Sizcə, Millətlər Liqasındakı uğursuz oyunlardan sonra Portuqaliyalı mütəxəssislə yola davam etmək məsləhət olardı yoxsa onunla vidalaşmaq?
- Fernandu Santuşun müqaviləsi var. Ona işləməsi üçün imkan yaratmaq lazımdır. Başqa məşqçi gələcək nəticələr yenə eyni olacaq. Mən illərdir deyirəm ki, bizdə futbolçu yoxdur. Baş məşqçi futbol oynamır. 30 il ərzində yüksək səviyyəli futbolçu yetişdirə bilmədik.
- Uzun illər şərəfini qoruduğunuz "Neftçi" Premyer Liqanın turnir cədvəlində istədiyi pillədə deyil...
- "Neftçi"nin 8 il kapitanı olmuşam. Klubda baş verənlərdən narahatam. "Neftçi" bizim flaqmanımızdır. Komandanın tarixi var. Çempionatda "Qarabağ"a alternativ olmalıdır. "Neftçi" adına və azarkeşinə görə lider olmalıdır.
- Vaqif Cavadov "Sumqayıt"da baş məşqçisidir. Geridə qalan turlarda bir əmi kimi onun işini necə qiymətləndirirsiniz?
- Vaqif üçün nəsə deyə bilmərəm. Yenidir, özünü göstərməlidir. İndidən yaxşı və ya pis demək olmur. Gələcəkdə deyə bilərəm. Vaqifin özündən aslıdır. Vaxt lazımdır.
İdman.biz