Bakı, TurkicWorld
Türkiyənin Xarici işlər naziri Hakan Fidan İnkişaf Edən Səkkiz Ölkə (D-8) Təşkilatının Zirvə toplantısı çərçivəsində sabah Qahirədə keçiriləcək D-8 Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında iştirak edəcək.
TurkicWorld xəbər verir ki, iclasın gündəliyində Qəzzada vəziyyət, regional məsələlər, D-8-in irəliləyiş hesabatı, növbəti baş katib namizədinin təsdiqi, D-8 Katibliyinin büdcəsi, komissiya hesabatlarının təsdiqlənməsi və D-8 11-ci Zirvə toplantısına hazırlıq kimi mövzular müzakirə olunacaq.
Nazir Fidanın Qahirədə keçiriləcək iclasda Qəzzada dərhal atəşkəsin təmin olunmasının zəruriliyini vurğulaması, İsrailin Fələstinə qarşı hücumlarının dayandırılması ilə bağlı çağırış etməsi və iki dövlətli həllin əhəmiyyətinə toxunması gözlənilir. Bundan başqa, Qəzzaya təcili və fasiləsiz humanitar yardımın çatdırılmasının və Birləşmiş Millətlər Təşkilatının UNRWA fəaliyyətinə dəstəyin artırılmasının vacibliyi qeyd ediləcək.
Fidan iclasda D-8 ölkələri arasında Seçimli Ticarət Sazişinin (TTA) tam tətbiqinin vacibliyini , həmçinin, gənc əhalisi çox olan D-8 ölkələrində gənclərin məşğulluğu üçün kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsinin prioritet olduğunu vurğulayacaq.
İyunda İstanbulda Türkiyənin ev sahibliyi ilə keçirilən D-8 Fövqəladə Xarici İşlər Nazirləri Şurasının Toplantısına toxunacaq olan Fidan, bu toplantının regional səylərə mühüm töhfə verdiyini vurğulayacaq.
Qeyd edək ki, D-8 Təşkilatı 15 iyun 1997-ci ildə İstanbulda yaradılmışdır. Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistanın üzv olduğu bu təşkilatın katibliyi İstanbulda yerləşir.
Onu da qeyd edək ki, Antalya, 2025-ci il üçün “D-8 Turizm Şəhəri” seçilmişdir. Nazir Fidan turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və D-8 ölkələri arasında turizm potensialının artırılması üçün çağırış edəcəkdir.