AZ

“70 yaşlı tələbəsinin xatirəsində yaşayırsa, deməli, xalq üçün vacib insan olub”

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət edib və onun xatirəsini ehtiramla yad ediblər. Sonra konfrans iştirakçıları BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında Şirməmməd Hüseynovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar.

“Əsl müəllim kimi ömrünü jurnalistlərin yetişdirilməsinə həsr edib”

Tədbir BDU-nun akt zalında davam edib. Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, professor Şirməmməd Hüseynov görkəmli mətbuat tədqiqatçısı, nüfuzlu alim, unudulmaz müəllim kimi şərəfli bir ömür yaşayıb. Şirməmməd Hüseynov hələ Moskvada aspiranturada oxuyarkən araşdırmalarına başlayıb və bütün elmi yaradıcılığı boyu milli Azərbaycan mətbuatının araşdırılmasına böyük əmək sərf edib: “Professor Şirməmməd Hüseynov böyük bir ənənənin, tarixi missiyanın, “Əkinçi” məktəbinin davamçısı idi. Bu ənənə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayır. Alim həmin dövrün ziyalılarının həyat və yaradıcılığını, milli mətbuat orqanlarımızın fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırır. Həm də sovet dövründə öyrənilməmiş Azərbaycan mətbuatının zəngin, maarifçi materialları ilə tanış edir”. 

Rektor diqqətə çatdırıb ki, Şirməmməd Hüseynov bacarıqlı mətbuat tarixçisi olmaqla bərabər, həm də gözəl pedaqoq idi: “O, əsl müəllim kimi ömrünü müstəqil Azərbaycanın jurnalistlərinin yetişdirilməsinə həsr edib. Şirməmməd müəllimin yüksək şəxsi keyfiyyətləri müəllimliyi ilə vəhdət təşkil edirdi. O, səmimiyyətə, təvazökarlığa, qarşılıqlı hörmətə pedaqoji fəaliyyətində böyük əhəmiyyət verib, tələbələrindən də bunu tələb edib. Məhz Şirməmməd Hüseynov kimi müəllimlərimizin əməyinin nəticəsidir ki, müstəqi Azərbaycan mətbuatı öz tarixi irsinə, “Əkinçi” ənənələrinə söykənərək yenidən formalaşıb, inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan jurnalistikasında milli mətbuatımızın ənənələrini davam etdirən minlərlə jurnalist çalışır, mətbuatın inkişafına töhfə verir. Onun tələbələri, davamçıları zəngin milli mətbuat ənənələrini uğurla inkişaf etdirirlər”. 

“Tarix yaradan jurnalist-alim olub”

Sonra professor Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör böyük alim Şirməmməd Hüseynovun millətinə, xalqına xidmət edən, tarix yaradan bir jurnalist-alim olduğunu vurğulayıb. O, Şirməmməd Hüseynovun öz şəxsiyyəti və yaradıcılığı ilə jurnalistika təhsilində yeni yol açdığını bildirib. 

Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə bildirib ki, Şirməmməd Hüseynov müasir dövrün çağırışlarına cavab verən, ölkənin ictimai-siyasi mühitinə təsir imkanlarına malik minlərlə jurnalist yetişdirib. Tədqiqatçı kimi tariximizin ən önəmli səhifələrini araşdırıb. Görkəmli alimin müəyyən etdiyi prinsiplər hər bir jurnalist üçün məktəb sayıla bilər. 

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, Şirməmməd Hüseynov təkcə yazıları ilə deyil, vətəndaşlığı ilə də dərs keçib və digərlərinə nümunə olub. Bu məktəbin yetirmələri görkəmli alimdən həm də cəmiyyəti maarifləndirmək, xalqa xidmət etmək missiyasını öyrəniblər. 

“ARB24” telekanalının direktoru Radik İsmayılov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, təmənnasız və peşəkarlıqla yerinə yetirdiyini bildirib, xatirələrini bölüşüblər. 

“Onunla daim qürur duymuşuq”

Sonda görkəmli alimin qızı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək konfransın təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Şirməmməd Hüseynov öz xalqını çox sevən, son dərəcə dürüst və təmiz insan idi: “Biz onunla daim qürur duymuşuq və özümüzü Şirməmməd Hüseynovun məsləkdaşı hesab etmişik. Çox sevinirəm ki, atamın yetirmələri, tələbələri də bu yolla gedirlər”. BDU-da təşkil edilən yubiley tədbirində Şirməmməd Hüseynovun qızı Fərəh Əliyeva və nəvələri də iştirak edib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

“Şirməmməd Hüseynovun təhdidlərlə üzləşdiyi vaxtlar da olub”

Həyat yoldaşı jurnalist Ülkər Hüseynova “Azərbaycan müəllimi”nə bildirib ki, mətbuatı araşdırıb və indiyədək Şirməmməd Hüseynovla bağlı yazılanlar qədər heç kim barəsində yazılmayıb:  “Moskvada yaşayan bir tələbəsinin kövrək xatirələrini oxudum, hətta 70 yaşlı tələbəsinin belə xatirəsində, yaddaşında yaşayırsa, deməli, xalq üçün vacib, lazımlı insan olub. O, xalq adamı olub. Bütün amalı, məqsədi, məramı dövləti, dövlətçilik maraqlarını qorumaq olub. Dürüstlüyü, ədaləti, açıq sözlülüyü ilə hər zaman bu məqsədinə sadiq qalıb. Düzdür, bu qərarlılığının onun özü üçün ağır nəticələr doğurduğu, təqiblərə məruz qaldığı, təhdidlərlə üzləşdiyi vaxtlar da olub. İşə gələndə əlində “Şirməmmədə ölüm” yazılmış plakatlarla duran bir qrup insanla qarşılaşmışdı. Qarabağı əldə silahla, müharibə ilə, döyüş meydanında qazana biləcəyimiz fikrinə inanan və bu fikri müdafiə edənlərdən biri idi. Fikrimcə, o, əsl vətəndaş kimi, şəxsiyyət kimi ömür sürüb. Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: “Şirməmməd Hüseynov - haqqın öz səsi, ləyaqət, dəyanət mücəssəməsi”.Ülkər xanım özünü xoşbəxt sayır: “Həyat yoldaşının ölümündən sonra 100 illiyinin təntənəli qeyd olunduğunu görmək hər qadına nəsib olmur. Mən də 90 yaşıma yaxınlaşıram”.

“Ömür vəfa etsə, yeni kitabını çap etdirəcəyəm

Şirməmməd Hüseynovun 100 illik yubiley tədbirləri BDU-dakı konfransla yekunlaşmayacaq.

“Bilirəm ki, Milli Kitabxana 600 səhifəlik biblioqrafiya hazırlayıb. Bu günlərdə həmin biblioqrafiya çapdan çıxıb. Bu günlərdə təqdimat mərasimi keçiriləcək. Nizami Muzeyində Rafael Hüseynov da 100 illiyə həsr olunmuş yubiley tədbiri planlaşdırıb”.

Ülkər xanım deyir ki, onun özünün də bəzi planları var: “İndiyədək Şirməmməd Hüseynov haqqında 3 kitab hazırlamışam. Bu kitablarda onun haqqında yazılanları toplamışam. Dördüncü kitabı da hazırlayıram. Ömür vəfa etsə, “İstiqlal Şirməmməd Hüseynovla” adlandırdığım bu kitabı çap etdirəcəyəm”.

Seçilən
18
tehsil.biz

1Mənbələr