AZ

Yaxın Şərqdə Türkiyənin olmadığı masada heç bir geosiyasi layihə həyata keçirilə bilməz -Analiz

Təbii ki, Suriyada baş verən hadisələr fonunda İsrail və Türkiyənin uğurları bölgəmizə doğru hərəkət edəcək. Türkiyə, İsrail və onların müttəfiqləri - yəni Azərbaycan - ətrafımızda cərəyan edən regional proseslərdə daha inamlı mövqedən çıxış edəcək. Bu sözləri erməni ekspert Şiraz Xaçatryan yerli mediaya geniş müsahibəsində deyib. O bildirib ki, Rusiya və İranın Suriyada faktiki məğlubiyyəti fonunda xüsusilə Türkiyənin təsir imkanlarının son dərəcə genişlənməsi regional tənzimləmədə əhəmiyyətli dəyişiklik deməkdir. Həmçinin qeyd edib ki, hazırda regionumuzda daha aktiv addımlar atmaq, böyük oyunçularla yeni sövdələşmələr aparmaq üçün Türkiyənin əla fürsəti yaranıb. Deməli, Suriyada hərbi və siyasi baxımdan yekun nizamlanmadan sonra bölgəmizdə maraqlı inkişaflar başlaya bilər.  Onun sözlərinə görə, Suriyada müxalifətin hakimiyyətə gəlməsi ilə İran Hizbullaha çatmaq üçün əsas quru yolunu, eyni zamanda, bu ölkədə İsraillə döyüşmək imkanı olan proksilərini itirdi. Bundan əlavə, İranın Aralıq dənizinə çıxışı daha da çətinləşdi və məhdudlaşdı. Deməli, Əsədin gedişi vəziyyəti kökündən dəyişir və İranın bölgədəki mövqeyi zəifləyir, o özünün proksi qüvvələri ilə əlaqədən və kommunikasiyalara nəzarətdən məhrum olur. Hazırda görünən odur ki, ABŞ və kollektiv Qərb müttəfiqləri Türkiyə və İsrail timsalında Suriyada ciddi uğurlar qazanıb, orada Rusiya və İranın mövqelərini zəiflədiblər. Xüsusilə də Türkiyənin Yaxın Şərqdə uğurları bölgəmizdə davam edəcək. Necə, hansı alətlərlə və hansı məsələlər çərçivəsində? Aydındır ki, Türkiyə üçün ilk və əvəzolunmaz layihələrdən biri Zəngəzur dəhlizidir. Türkiyə də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı problem Ermənistanda deyil, İrandadır. Və hadisələrin necə inkişaf edəcəyi, Suriyadan sonra Yaxın Şərqdə hansı hərbi-siyasi vəziyyətin yarana biləcəyi, İranın ətrafındakı halqanın necə daralacağı və İranın bu çağırışlara necə reaksiya verəcəyi məsələsi var. O, təəssüflə qeyd edib ki, artıq İran ətrafında dairə daralır.

Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, mövcud reallıq Türkiyənin bölgədə geosiyasi mövqelərinin gücləndiyini göstərir:

“Eyni zamanda Yaxın Şərqdə, xüsusilə də Suriyada Türkiyənin olmadığı masada heç bir geosiyasi layihə həyata keçirilə bilməz. Türkiyə bölgədə həlledici səsə çevrilir. Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Tramp son çıxışında Suriya məsələsini Türkiyəyə buraxdığını söylədi. Donald Trampın bu açıqlaması artıq reallığın qəbul olunmasıdır. Baxmayaraq ki, bu günə qədər uğursuz Bayden administrasiyası antitürk siyasətini davam etdirməkdədir. Nəzərə almaq lazımdır ki, son proseslər coğrafiyada siyasi xəritələri dəyişir və dünyanın yenidən şəkilləndiyini görürük. Türkiyənin isə bu şəkillənmədə söz sahibi olmaq gerçəkliyi mövcuddur. Həmçinin Türkiyənin gücünün üstünə Azərbaycanı və Mərkəzi Asiyada olan Türk Cümhuriyyətləri Birliyini də gəlsək gələcək prespektivdə həmin birliyin qlobal güc mərkəzlərindən biri olmaq iddiasına namizəd olacağını söyləmək mümkündür. Ona görə də sözügedən məsələləri daha da aktivləşdirməyə və gücləndirməyə ehtiyac var. Suriyada güclənən qüvvənin digər regionlarda, o cümlədən Cənubi Qafqazda tədricən proseslərdə iştirakını təmin edəcək. Türkiyə rəhbərliyinin Azərbaycan-Ermənistan arasında sülh prosesinin son mərhələyə qədəm qoyduğu ilə bağlı açıqlamaları da sözügedən konteksdə dəyərləndirmək lazımdır. Türkiyə dolayısı ilə Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq istəyən qüvvələrin əleyhinə sülhü təmin etməklə regionun təhlükəsizliyini təmin etmək siyasətini yürüdür. Bu isə böyük ölkələrin güc mərkəzlərinin işidir. Türkiyənin iddialı siyasəti də bunu ortaya qoyur. Hansısa iddianın arxasında güc dayanmırsa, heç kəs ona inanmaz. Ona görə də Yaxın Şərqdə, Cənubi Qafqazda, Rusiya-Ukrayna müharibəsində və Avrasiyada Türkiyənin getdikcə təsir imkanlarını artırır”.

Ekspert söyləyib ki, Türkiyəni nəzərə almadan həmin bölgələrdə böyük geosiyasi layihələri həyata keçirmək mümkün olmayacaq:
“Məsələn, Qətərdən Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə vasitəsilə Avropaya qaz xəttinin çəkilməsi layihəsi mövcud idi. Rusiya və İran Avropa bazarını itirməmək üçün həmin prosesi əngəllədilər. Lakin hazırda vəziyyət dəyişib, Türkiyə Rusiya, Azərbaycan, Qətərdən gələcəkdə isə Aralıq dənizindən Avropaya daşınacaq qaz mərkəzinə çevrilir. Qardaş Türkiyənin güclənməsindən narahat olan dövlətlər var. Həmin dövlətlərin sırasında Türkiyənin dırnaqarası strateji NATO üzrə müttəfiqləri də mövcuddur. Həmin dövlətlər gerçəkliyi qəbul etmək məcburiyyətindədirlər. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Türkiyənin Suriya uğurundan sonra ilk yardımla bağlı konkret əməli müraciət edən Azərbaycan oldu. Azərbaycan Prezidenti İlham Əliyev Suriya xalqına hər cür dəstək verəcəyi ilə bağlı hazır olduğunu bildirdi. Prezidentin açıqlaması Azərbaycanın Türkiyənin yanında olduğunun göstəricisidir”.
Seçilən
11
sherg.az

1Mənbələr