Parlamentdə “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Belə ki, kitabxanalar və muzeylər qanunvericiliklə müəyyən edilmiş qaydalara və təsis edildikləri nizamnaməyə əsasən təsərrüfat fəaliyyətləri ilə məşğul olma hüququna malikdirlər. Layihəyə əsasən, “Kitabxana işi haqqında” qanunun 31-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsindəki “vəsait kitabxananın sərəncamında qalır” ifadəsi dəyişdirilir. Yeni tənzimləməyə görə, bu vəsaitlər “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” olaraq müəyyən edilib. Bu dəyişiklik kitabxanaların maliyyə resurslarından istifadənin müvafiq qaydalara uyğun şəkildə tənzimlənməsini təmin edir.
Muzeylərə dair Qanuna dəyişikliyə əsasən isə 25-ci maddənin ikinci cümləsindəki “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” ifadəsi də yenilənib. İndi həmin ifadə “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” olaraq dəyişdirilib. Bu dəyişiklik muzeylərin gəlirlərinin istifadəsinin daha şəffaf və nizama salınması məqsədini daşıyır.
Yeni qanun dəyişiklikləri, kitabxanaların və muzeylərin maliyyə resurslarının düzgün və səmərəli istifadəsinə nəzarətin artırılmasına, həmçinin dövlət və qeyri-dövlət mülkiyyətində olan bu müəssisələrin fəaliyyətlərinin tənzimlənməsinə xidmət edəcək.
Sonra iclasda qanun layihəsi ətrafında müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən deputatlar layihəni yüksək qiymətləndirib, bir sıra qeyd və təkliflərini veriblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.