Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfərə gəlib.
Nümayəndə heyətinə Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbər şəxsləri və müvafiq sahə üzrə mütəxəssislər daxildir.
Səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təsdiq edilmiş 2024-2025-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulan “Əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi və bu sahədə kadr hazırlığının həyata keçirilməsi” tədbirinin icrası məqsədilə baş tutub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxsləri Türkiyə nümayəndə heyəti ilə birgə Şəhidlər xiyabanı, Bakı Türk Şəhidliyini ziyarət ediblər və Zəfər parkına baş çəkiblər.
Daha sonra Xidmətin inzibati binasında Xidmətin rəisi Vəli Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə nümayəndələri arasında rəsmi görüş olub.
Görüş zamanı türkiyəli mütəxəssislərə Xidmət və Xidmətin tabeliyində yaradılan Əməyin Mühafizəsi Mərkəzi barədə geniş məlumat verilib.
Xidmət rəisi Vəli Quliyev son illərdə Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan islahatlar, əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəsi ilə təşkil edilən görüşlərin ənənəvi hal aldığını bildirib, bu təcrübə mübadiləsinin hər iki ölkə üçün əhəmiyyətindən danışıb.
Ibrahim Esenkar ölkələrimiz arasında əmək və sosial müdafiə sahəsində əlaqələrinin daim genişlənməkdə olmasından, qarşılıqlı faydalı təcrübə mübadilələrindən məmnunluğunu ifadə edib.
Görüş müzakirələrlə davam edib.
Görüşdə hər iki qurumun nümayəndələri əməkdaşlığın və təcrübə mübadiləsinin xüsusi önəmə sahib olduğunu vurğulayıblar.
Ölkəmizdə bir neçə gün səfərdə olacaq nümayəndə heyəti Mərkəzin mövcud texniki bazası və əməkdaşları ilə tanış olacaq.