AZ

Qərbi azərbaycanlılar öz tarixi-etnik torpaqlarına qayıtmalıdırlar

Ulu öndər düz 27 il bundan əvvəl bu fikri qətiyyətlə söyləmişdir

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948–1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur.

“1948 –1953-cü illərdə azərbaycanlıların  Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”  Fərmandan  

 Bakı şəhəri, 18 dekabr 1997-ci il

Xatırladaq ki, azərbaycanlıların indiki Ermənistan ərazisində çəkdikləri ­əzab-əziyyət iki yüz il davam etsə də, onların öz ata-baba yurdlarından deportasiyası əsasən üç mərhələdə aparılmışdır. Ötən əsrin əvvəllərində,  1948–1953-cü illərdə və səksəninci illərin sonlarında. Bu yazıda bədnam qonşularımızın həmin vəhşiliklərinin ikinci mərhələsindən söz açmaq istəyirik. 

Son iki əsrdəki tariximizin hansı səhifəsinə baxsaq, deportasiya, soyqırımı, sürgün, repressiya, terror, təxribat, işğal, ilhaq, milli ayrı-seçkilik və digər bu kimi mənfi tendensiyaların çoxsaylı fəsadları ilə üz-üzə qalırıq. Ancaq xalqımızın ağrı və itkiləri bunlarla da bitmir. Biz zorən qatıldığımız ( Çar Rusiyası və SSRİ dövründə),  özümüzə qətiyyən dəxli olmayan müharibələrdə də çoxsaylı itkilər vermiş, maddi, mənəvi və iqtisadi cəhətdən ağır problemlər yaşamalı olmuşuq. 

Nə yaxşı ki,  ötən əsrin doxsanıncı illərinin əvvəlində biz həmin əsrin əvvəllərində qazanıb itirdiyimiz dövlət müstəqilliyimizin bərpasına nail olduq. Xoşbəxtlikdən bu dəfə müstəqil dövlətimizin sükanı arxasına Heydər Əliyev kimi siyasət dahisi gəldi. Bununla da, çoxsaylı tarixi faciələrimizin hamısının yenidən, obyektiv,  ədalətli şəkildə qiymətləndirilməsinə nail olduq və bir çoxunun fəsadlarını aradan qaldıra bildik. Qətiyyətlə deyə bilərik ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin qazandığı bütün uğurların təməlində məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsi dayanır. 

Bəzi faktları qısaca da olsa xatırladaq. Tam əminik ki, 1989–1990-cı illərdə Kremlin kommunist rejiminin Azərbaycana qarşı yeritdiyi ayrı-seçkiliyi və öldürücü haqsızlığı heç kəs unutmayıb. Həmin faciələr  ona görə törədilirdi ki, Azərbaycanın haqq səsini eşidən yox idi. Ona görə bizim səsimizi eşitmirdilər ki, xalqın önündə gedəcək lider yox idi.

 Bəs sonra nə oldu? Sonra Azərbaycan Prezidenti İlham Əliyev BMT tribunasından çıxış edərək, bu beynəlxalq təşkilatın tamamilə hörmətsiz bir quruma çevrilməməsi üçün Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zəruriliyindən danışdı. Daha sonra isə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin  Azərbaycan öz əsgərinin əli ilə həyata keçirilməsinə nail oldu. 

Yaxud, Ermənistan rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaq məqsədi ilə vəhşicəsinə yüz minlərlə insana sitəm edəndə, Xocalı soyqırımını törədəndə ABŞ rəhbərliyi işğaçlçı dövlətin “başını tumarlayaraq”, Azərbaycana qarşı “907-ci düzəliş” deyilən iyrənc bir qərar ortaya qoymuşdu. Sonra nə oldu?  Sonra Prezident İlham Əliyev vəhşi qonşularımızın yandırıb, yerlə-yeksan etdiyi Xocalıda Azərbaycan Bayrağını qaldırdı və həmin yurd yerimizi də işğaldan azad edilmiş digər şəhər və kəndlərimiz kimi cənnətə çevirməkdədir. 

Bunlar tariximizdəki ağrılı  faktların cəmi ikisinin fəsadlarının aradan qaldırılmasının göstəricisidir. Ancaq min illər boyu Azərbaycan türklərinin  
yaşadığı – indi Ermənistan adlanan ərazilərimizdən qovulmuş yüz minlərlə soydaşımızın hüquqları hələ də bərpa olunmayıb. Nə zamansa bu prosesə də start veriləcəyini yaxşı bilən ulu öndər Heydər Əliyev hələ 
27 il əvvəl – 1997-ci il dekabrın 18-də “1948 –1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi  –  etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalamış, həmin tarixi faktların dəqiq tədqiq edilməsi üçün mühüm dövlət komissiyası yaradılmışdı. 

Sonra nə oldu?  Sonra Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində birmənalı olaraq söylədi ki, deportasiya edilmiş soydaşlarımız öz ata-baba yurdlarına qayıtmalıdırlar. Əlavə etdi ki, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur:  “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterikaya başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən, beynəlxalq müstəvidə daha fəal olmalıyıq”. 

Fikrimizcə, cənab Prezidentin bu qətiyyətini şərtləndirən əsas məqamlardan biri də məhz ulu öndərin adı çəkilən fərmanla yaratdığı komissiyanın apardığı genişmiqyaslı tədqiqat işlərinin əldə olunan nəticələridir. 

Heydər Əliyevin imzaladığı fərmanın preambulasında qeyd edilirdi ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizlənmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır: “Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən  –  min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Uzun illər Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində çalışmış, tarix elmləri namizədi, Dövlət Mükafatı laueratı Nazim Mustafa 1948–53-cü illər deportasiyasının səbəbləri barədə yazarkən qeyd edir ki, həmin illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası  ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi: 

“İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.V. Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan, əvvəllər Türkiyədə yaşamış ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu. Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi.

 İosif Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Gevorq Çörəkçyanı Moskvaya çağırır. 1945-ci il aprelin 19-da  Çörəkçyan Stalinlə görüşür. Görüşün sonunda İ.Stalin deyir ki, sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş torpaqları qaytarmaq istəyir, arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər məskunlaşdırılsınlar. İ.Stalin, təqribən, 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını bildirir və Eçmiədzin kilsəsinin bu işdə kömək göstərməsini istəyir”.

Bununla da, azərbaycanlıların kütləvi deportasiyasına hazırlıq işləri başlanır və həmin proses şərəfsizcəsinə reallaşdırılır. Yəni ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı bir alət kimi istifadə olunmuşlar. 

Sonda, Qərbi Azərbaycan İcmasının dekabrın 16-da yaydığı bəyanatda deyilir: “BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertləri tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamların qabardılması təqdirəlayiqdir”.

İcmanın bəyanatında əlavə edilir ki, Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı şovinist səfirinin gülünc “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilməz.

İttifaq MİRZƏBƏYLİ 

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr