AZ

Siqaret çəkmək dişlərinizi bu cür məhv edir – Çarə nədir?

Siqaret çəkmək yalnız ağciyər, ürək və digər orqanların sağlamlığına zərər vermir, həm də ağız və diş sağlamlığı üçün ciddi təhlükə yaradır. Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaretin tərkibindəki zərərli maddələr dişlərin rəngini dəyişdirir, diş ətini zədələyir və ağız xərçənginə səbəb ola bilər.

Medianews.az Yenisabah.az-a istinadən siqaretin fəsadları və bu vərdişin yaratdığı xəstəliklərlə bağlı araşdırmanı təqdim edir:

Dişlərin saralması və rəng dəyişiklikləri

Siqaret çəkməyin ilk görünən təsiri dişlərin rənginin dəyişməsidir. Siqaret tüstüsündə nikotin və qatran mövcuddur ki, bunlar diş minasına yapışaraq sarı və ya qəhvəyi ləkələr yaradır. Müntəzəm olaraq siqaret çəkən şəxslərdə bu ləkələri aradan qaldırmaq çətinləşir və professional diş təmizliyi tələb olunur.

Diş əti xəstəlikləri (Periodontit)

Siqaret çəkmək diş əti xəstəliklərinin əsas səbəblərindən biridir. Nikotin diş əti toxumalarına qan axınını azaldır, nəticədə diş əti qidalanması pisləşir. Bu, diş ətinin iltihablanmasına, qanamasına və hətta dişlərin tökülməsinə səbəb ola bilər.

Ağızda pis qoxu (Halitoz)

Siqaret çəkən şəxslərdə ağız qoxusu (halitoz) daha çox müşahidə olunur. Bu, nikotin və digər zərərli maddələrin ağız boşluğunda toplanması ilə əlaqədardır. Ağız qoxusu yalnız sosial narahatlıq yaratmır, həm də diş sağlamlığınızın pis vəziyyətdə olduğunu göstərə bilər.

Ağız xərçəngi riski

Siqaret çəkmək ağız xərçənginin yaranma ehtimalını artıran əsas səbəblərdəndir. Siqaret tüstüsündə 70-dən çox xərçəngə səbəb olan maddə mövcuddur. Araşdırmalar göstərir ki, siqaret çəkənlərdə ağız xərçəngi riski çəkməyənlərə nisbətən 6 dəfə çoxdur.

Diş bərpasının çətinləşməsi

Siqaret çəkmək dişlərin sağalma prosesini yavaşladır. Diş əti əməliyyatları, implant yerləşdirilməsi və ya digər diş bərpa prosedurları zamanı siqaret çəkən şəxslərdə problemlərin yaranma ehtimalı daha yüksəkdir.

Siqareti tərgitmək: Dişlərinizi necə qurtara bilərsiniz?

Siqareti tərgitmək yalnız ümumi sağlamlığınıza deyil, dişlərinizin və diş ətinizin sağlamlığına da müsbət təsir göstərir.

Siqareti tərgitdikdən sonra:

Dişlərin rəngi tədricən yaxşılaşır;

Diş əti xəstəliklərinin inkişafı dayanır və sağalma başlayır;

Ağız qoxusu azalır;

Ağız xərçəngi riski əhəmiyyətli dərəcədə azalır.

Seçilən
16
3
medianews.az

10Mənbələr