AZ

Generala sui-qəsddə ŞOK VERSİYA 

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunları rəisinin qətlində kimlərin əli var?

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillova qarşı dekabrın 17-də gerçəkləşən sui-qəsdin bəzi detalları məlum olub.

Bəllidir ki, terror aktının gerçəkləşməsi üçün skuter seçilib ki, bu da  planlı şəkildə olub. Çünki belə elektrik skuterləri indi Moskvanın hər girişində görmək olar. Bomba skuterin saxlancına qoyulub və İqor Kirillov köməkçisinin müşayiəti ilə evdən çıxarkən pultdan istifadə edilərək işə salınıb. Qurğunun partlayış gücü təxminən 300 qram trotilin ekvivalenti olub.

Aydındır ki, sui-qəsdi planlaşdıranlar bir neçə gün generalı izləyiblər. İstintaqçılar bu səbəbdən bir neçə gün ərzində evdən və yaxınlıqdakı girişlərdən videoqeydləri götürüblər. Birinci versiya Kirillovun üzbəüz kirayə götürdüyü mənzildən izlənilə biləcəyidir.  Müstəntiqlər icarəyə verilmiş mənzillərin siyahısını tərtib edirlər. Son iki ayda köçmüş kirayəçilərə xüsusi diqqət yetirilir.

İkinci versiyaya görə, terrorçular generalı binanın  girişində və ya həyətdəki maşında izləyə bilərdilər.  

Moments

Üçüncü versiyada müstəntiqlər hesab edirlər ki, cinayətkarlar yaşayış kompleksinin kameralarına müdaxilə edərək  Kirillovu uzaqdan da müşahidə edə bilərdilər.

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi mütəmadi olaraq Rusiya Müdafiə Nazirliyində brifinqlər keçirərək Ukraynada NATO və Pentaqonun qadağan olunmuş təhlükəli kimyəvi maddələrdən istifadədə suçlayıb.

O, Ukrayna hərbçiləri üzərində qadağan olunmuş sınaqların keçirilməsinə cavabdeh olan amerikalıların və Ukrayna vətəndaşlarının konkret adlarını çəkib, həmçinin təhlükəli virusların qəsdən yayılmasını və Ukrayna Silahlı Qüvvələrinin kimyəvi zəhərli silahlardan istifadə etdiyini göstərən sənədləri dərc edib. Bu ilin yanvarında general deyib ki, yüksək rütbəli Amerika məmurları ictimai rəyi manipulyasiya edərək COVİD-19 pandemiyasının səbəblərinin araşdırılmasına qəsdən mane olublar.

İqor Kirillov Rusiya Müdafiə Nazirliyinin brifinqindəki son çıxışında Kiyevin radioaktiv materiallar əsasında “çirkli bomba” hazırlamaq üçün çoxsaylı cəhdlərini göstərən sənədləri açıqlayıb.

O da məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidməti terrordan bir gün əvvəl İqor Kirillova qiyabi olaraq hərbi cinayətlərdə ittiham irəli sürüb. İstintaqın məlumatına görə, Kirillov şəxsən Ukraynanın Müdafiə Qüvvələrinə qarşı kimyəvi silahın tətbiqi əmrini verib.

“Sözügedən vəzifəli şəxs işğalçı qüvvələrin Ukraynanın şərq və cənub cəbhələrində qadağan edilmiş kimyəvi silahların kütləvi istifadəsinə görə məsuliyyət daşıyır. Kirillovun əmri ilə müharibənin başlanğıcından bəri düşmənin kimyəvi sursatlardan 4,8 mindən çox istifadə halları qeydə alınıb”, - deyə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak generalın ölümündə Kiyevin əlinin olmadığını iddia edib. O suala lakonik cavab verib: “Ukrayna terror üsullarından istifadə etmir”.

İqor Kirillov dəfələrlə Ukraynadakı Amerika bioloji laboratoriyaları, həmçinin Kiyevi radioaktiv materiallardan istifadə etməklə “çirkli” bomba hazırlamaqda ittiham edib.

Məşhur

Yeri gəlmişkən, öldürülən general vaxtilə Azərbaycan ərazisində ABŞ bioloji silah laboratoriyalarının olduğunu iddia edib. İqor Kirillov belə çıxışlarının birində iddia etmişdi ki, Pentaqon tərəfindən 2014-2022-ci illərdə postsovet respublikalarında (Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan) 500-dən çox elmi-tədqiqat layihəsi həyata keçirilib.

2018-ci ildə isə yenə Kirillovun şəxsində rusiyalı hərbi dairələr Azərbaycanda 8 bioloji silah laboratoriyanın olduğunu qeyd ediblər. Amma o zaman siyahıda Azərbaycanla yanaşı, Moldova, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə də var idi.  Ümumiyyətlə, Rusiya tərəfi Azərbaycanda ABŞ laboratoriyaları olduğu iddiasını ortaya atmış, Azərbaycanı öz ərazisində ABŞ laboratoriyalarını saxlamaqda günahlandırmışdı. “Rossiya-24" telekanalında verilən jurnalist Arkadi Mamontovun müəllifi olduğu "Andromeda ştammı" sənədli filmində keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarının olduğu iddia edilirdi. Siyahıda Azərbaycan da vardı.

1970-ci il iyulun 13-də Kostromada anadan olan İqor Kirillov  Kostroma Radiasiya, Kimya və Bioloji Müdafiə Hərbi Akademiyasını və Timoşenko adına Radiasiya, Kimya və Bioloji Müdafiə Hərbi Akademiyasını bitirib.

1991-1995-ci illərdə Almaniyada və Moskva hərbi dairəsində taqım komandiri kimi xidmət edib. 1995-ci ildən 2009-cu ilə qədər bölük komandirindən radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının mühafizə briqadasının komandirliyinə qədər yüksəlib. 2009-cu ildən Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının aparatında müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ilin sentyabrından 2017-ci ilin aprelinə qədər Timoşenko adına Hərbi Akademiyanın rəhbəri olan general 2017-ci ilin aprelindən Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi təyin edilib. Kirillov Rusiyanın “Əmək qəhrəmanı” adına, Müdafiə Nazirliyinin dövlət və idarə mükafatlarına layiq görülüb.

“Yeni Müsavat”




Seçilən
20
musavat.com

1Mənbələr