AZ

Dünyanın iki avtomobil nəhəngi BİRLƏŞİR

Yapon avtomobil istehsalçıları "Honda Motor" və "Nissan Motor" Çin avtomobil istehsalçıları ilə artan rəqabət və elektrik avtomobillərinə gözləniləndən daha aşağı istehlakçı tələbi səbəbindən birləşmə ilə bağlı ilkin danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, hər iki şirkət "rəqabətdə üstünlük qazanmağa kömək edəcək birləşmə yollarını araşdırır".

Əgər bu birləşmə baş tutarsa, dünya avtomobil sənayesində aktivləri 52 milyard dollar olan nəhəng bir istehsalçı meydana çıxacaq. Bu nəhəng "Toyota" və "Volkswagen"dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq və "Tesla" və Çin istehsalçısı BYD ilə rəqabət aparmaq üçün sərmayələr cəlb edə biləcək.

Qeyd edək ki, BYD 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə "Honda Motor" və "Nissan Motor"u geridə qoyaraq, dünyanın yeddinci ən böyük avtomobil istehsalçısına çevrilib. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 40% artırıb.

FT qeyd edir ki, bu birləşmə "Nissan"ın təxminən 27% paya sahib olduğu "Mitsubishi Motors"a da təsir göstərəcək və "Mitsubishi" genişləndirilmiş şirkətin bir hissəsinə çevrilə bilər. Üç brend birlikdə hər il təxminən 8 milyon avtomobil istehsal etmək potensialına malikdir.

Musavat.com

Seçilən
13
2
musavat.com

4Mənbələr