AZ

Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən Özbəkistan vətəndaşına 5 il həbs cəzası verilib

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak edən Fərqanə vilayətinin sakini Özbəkistan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsi (“Muzdluluq”) ilə təqsirli bilinib. Bu barədə Kun.uz xəbər verir.

A.H soyadlı şəxs 2022-ci ilin noyabrında Moskvaya təhsil almağa gedib. Özəl universitetdə oxuyarkən maddi nemətlər əldə etmək arzusu ilə, özbək gənc muzdlu kimi Rusiya ordusunda xidmət etməyə başlayıb. Muzdlu kimi ayda 350-400 min rubl alıb. O, 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər Luqansk və Donetskdə döyüşlərdə iştirak edib.

Özbəkistanda keçirilən prosesdə A.H, təqsirini tam etiraf edərək, orduya necə düşdüyündən danışıb. O bildirib ki, 2023-cü ilin yayında sənədləri olmadığı üçün Moskvada saxlanılıb və ona iki variantdan birini seçmək təklif olunub: cinayət işi və deportasiya, ya da müqavilə xidməti və Rusiya vətəndaşlığı. A.H ilə bir illik müqavilə imzalanıb.

“İşə qəbul məntəqəsində tibbi müayinədən keçdim və Moskva vilayətindəki müvəqqəti saxlama düşərgəsinə göndərildim. Müqaviləyə əsasən, mənim maaşım ayda təxminən 195 min rubl idi”, - deyə A.H məhkəmədə bildirib.

2023-cü ilin oktyabrında bir ay yarımlıq hərbi təlimdən sonra Özbəkistan vətəndaşı Luqanska göndərilib.

“Mən orada dörd ay döyüşdüm və 2024-cü il fevralın 10-da bizi Donetsk vilayətinə köçürdülər. Döyüşlər zamanı aldığım xəsarətlərə görə 2024-cü il fevralın 26-dək Donetskdə xəstəxanada müalicə olundum”, - deyə müttəhim bildirib.

Müalicədən sonra A.H. Tolyattiyə qayıdıb və Rusiya vətəndaşlığı alaraq orada yaşamağa başlayıb.

Anasının ağır xəstəliyi ilə əlaqədar Özbəkistana qayıdan A.H həbs edilib.

Fərqanə rayon məhkəməsi onu muzdluluq maddəsi ilə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.

Oxuməni.az

Seçilən
6
oxumeni.az

1Mənbələr