AZ

Olduğu kimi görünən, göründüyü kimi olan şəxsiyyət - Şirməmməd Hüseynov

Şirməmməd Hüseynov qaranlıqda görünən işıqdı

Elçin Mirzəbəyli: “O işıq ki azdığın bütün istiqamətlərdən səni özünə doğru çəkəcək. Təbii ki, əgər sən özün bunu istəsən”

Rəşad Məcid: “Şirməmməd müəllim “Belə yaşamaq mümkündür” nümunəsini göstərən əvəzsiz şəxsiyyət, düzlüyü, ədaləti, prinsipiallığı və xarizmasıyla mətbuatımızın gerçək tarixi siması idi”


Görkəmli alim, araşdırmaçı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 100 ili tamam olub.
Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmiş Şirməmməd Hüseynov 30-dan çox kitab və monoqrafiya, 800-dən artıq elmi və elmi-publisistik məqalə yazıb. Yüzlərlə jurnalist kadrların yetişməsində böyük əmək sərf etmiş Şirməmməd müəllim auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilib. Onun mühazirələri, söhbətləri tələbələrində dərin təsir oyadıb.
Qeyd edək ki, Ş.Hüseynov 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundzadə adına 2 nömrəli orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasına qəbul olub, 1954-cü ildə təhsilini tamamlayıb və dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Həmin ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək orada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən isə həmin kafedranın professoru vəzifəsində çalışıb.
O, Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdırıb. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları həm də tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ş.Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni səviyyəyə yüksəldib. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanıb. Tələbələri onun müəllim kimi əməyini minnətdarlıq hissi ilə xatırlayırlar.
Qeyd edirlər ki, Şirməmməd Hüseynov şəxsiyyət kimi əbədiyaşarlıq qazanaraq hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş elm adamı idi. O, təkcə müdrik elm adamı deyil, həm də güclü mənəviyyat adamı idi.
Şirməmməd Hüseynov milli yaddaşımızın daşıyıcısı idi, əsərləri Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü rolu oynayırdı. Onun Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri olub. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir. O, “Həqiqət və ədalət carçısı”, “M.Ə.Rəsulzadə”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr” və digər dəyərli kitabların və əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifi idi.
Azərbaycan mətbuat tarixi alimin əsas tədqiqat sahəsi olsa da, Ş.Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən idi. Bu gün Şirməmməd Hüseynovdan gənc nəsillərə onun ideyalarını, fikirlərini yaşadan jurnalistika fakültəsi miras qalıb. Elə bir fakültə ki, burada Şirməmməd Hüseynovun yetişdirdiyi jurnalistlər nəsli dərs deyir, öyrədir.


Ustadla bağlı xatirələrini “Şərq”lə bölüşən Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli Şirməmməd Hüseynovu qaranlıqdan görünən bir ovuc işığa bənzədib: “O işıq ki azdığın bütün istiqamətlərdən səni özünə doğru çəkəcək. Təbii ki, əgər sən özün bunu istəsən! Cəmi 23 ay yaşamış bir dövlətin, onun ideoloji əsaslarının, təməl prinsiplərinin qan yaddaşımıza, genetik kodlarımıza həkk olunmasının, nəsildən-nəslə ötürülməsinin sirrini uzun müddət çözə bilməmişəm. Hələ kiçik yaşlarımdan mavi, qırmızı, yaşıl rənglərin harmoniyası mənə rahatlıq gətirirdi. Rəsm dəftərimdə bu üç rəng həmişə dominantlıq edirdi – təbiət mənzərəsindən başlamış, insan portretinə qədər...
1988-ci ildə, 21 yaşımda, “Azadlıq” marşını, İstiqlal bayrağımıza xitabən “Qalx ayağa millət, boğmasınlar səsimizi, Bir bayraq altında birləşdir bizi” sözlərini yazanda da Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, ilk dünyəvi dövlətimizin tarixi, onun dövlət atributları, məfkurəsi haqqında böyüklərimin qorxa-qorxa danışdığı, uşaqlıq xatirələrimin toranlığından boylanan bir neçə kəlməlik tarixçədən başqa heç nə bilmirdim. 
Hətta düşündüyümdə belə içimi saran, qanımı oynadan Cümhuriyyət sevdasının səbəbini anlaya bilmirdim... Şirməmməd Hüseynovu tanıyanadək. 
Şirməmməd Hüseynov Cümhuriyyətlə aramızdakı canlı bağlardan biri idi... Tanrı xalqımızı çox sevdiyi üçün onu 94 il yaşatdı. Tanrı Şirməmməd Hüseynovu çox sevdiyi üçün ona Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görməyi nəsib etdi...
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin, işıqlı ideyalarının daşıyıcısı kimi şərəfli bir missiyanın canlı əfsanəsini - Şirməmməd Hüseynovu daha yaxından Mirşahin Ağayevin “Milli Metr” layihəsindən tanımışam və həmin proqramın “Şirməmməd Hüseynov” buraxılışı bugünədək kompüterimin yaddaşındadı. Hər dəfə Cümhuriyyət dərsi almaq istəyəndə təkrar izləyirəm. Məni yaxından tanıyanlar Şirməmməd müəllimin çıxışlarını telefonumun yaddaşına köçürdüyümü yaxşı bilirlər. Onun hər kəlməsini necə heyranlıqla, nəfəs almadan, göz qırpmadan dinlədiyimi də həmçinin...
Onu hər dəfə görəndə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini seçmədiyimə görə özümü lənətləyirdim. Amma sonradan anladım ki, Şirməmməd Hüseynovun tələbəsi olmaq heç də önəmli deyil...  Önəmli olan Böyük Ustadı öz müəllimin hesab etmək, daşıdığı dəyərləri düşüncənə, atdığın hər addıma daşımaq, onun işıqlı zəkasından doğan ideyaların tələbəsi, müridi olmaqdır. 
Mənim üçün Şirməmməd Hüseynov, böyük Mövlananın sözləri ilə desək, olduğun kimi görünməyin, göründüyü kimi olmağın az-az rast gəlinən, bu forma və məzmunun vəhdəti ilə simvolizə olunan nümunələrindən biridir!
Mənim üçün Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin işıqlı ideyalarını, İstiqlal məfkurəsini, milli zadəgan əxlaqını öz işıqlı zəkasında daşıyaraq istibdad dönəminin dolanbaclarından keçirən, bir müəllim kimi səbirlə, təmkinlə, inadla ilk cümhuriyyətimizin şərəfli mirasının dərk və qəbul olunmasına çalışan və son nəticədə bunu bacaran böyük azərbaycanlıdır. Ruhu şad olsun, Ustadımızın!”

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bizimlə söhbətində qeyd edib ki, hər zaman yaddaşımızda canlı əfsanə kimi yaşayan professor Şirməmməd Hüseynovun həyat yolu əsl örnəkdir.
O, dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, nikbinliyi, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə hamımıza “Belə yaşamaq mümkündür” nümunəsini göstərən əvəzsiz şəxsiyyət, düzlüyü, ədaləti, prinsipiallığı və xarizmasıyla mətbuatımızın gerçək tarixi siması idi.
MŞ sədrinin sözlərinə görə, yüz ilin Ustadının ömrü yalnız yaşadığı dövrə aid deyil, bu ömür həm də gələcək nəsillərin düşüncələrinə çıraq tutan mükəmməl bir yol xəritəsidir: “Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki, bu, hər alimə nəsib olan səadət deyil. Onun ən böyük sərvəti araşdırmaları, tələbələri və yetirmələridir. Jurnalistlərin əvəzsiz müəllimi Şirməmməd Hüseynov həm də Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən nüfuzlu tədqiqatçısı idi. Ötən əsrin 80-ci illərində - Bakı Dövlət Universitetinin keçmiş Kommunist küçəsində yerləşən korpusunda Jurnalistika fakültəsində təhsil aldığım illərdə bəzi müəllimlər bizim üçün əfsanə kimi görünürdü. O müəllimlərin hamısı mənim həyatımda böyük rol oynayıblar və indiyə qədər xatirimdədirlər. Həmin müəllimlərim sırasında professor Şirməmməd Hüseynovun müstəsna yeri var. Xoşbəxtlikdən, o illərdə Şirməmməd müəllim bizə burjua ölkələrinin jurnalistikasından dörd qoşa saat dərs dedi. Mən o mühazirələrə qulaq asa-asa haçansa Şirməmməd müəllim haqqında mütləq yazacağımı özüm üçün yəqinləşdirmişdim. Hətta yazının adı da hazır idi: "Dörd qoşa saat". Sonralar, dediyim o yazını yazdım da. Doğrudan da, həmin dərslər jurnalistika haqqında təsəvvürümüzü dəyişdirdi. Şirməmməd müəllim sovet rejiminin ən güclü vaxtlarında sətiraltı mesajlarla jurnalistikanın mahiyyətini bizə izah edirdi. Hələ məşhur yenidənqurmanın başlanğıcında dörd qoşa saat burjua jurnalistikasının mahiyyətini anladan Şirməmməd müəllim həm də bir az ezop diliylə, bir az sətiraltı sözlərlə, bəzən də mimikayla sovet və burjua mətbuatları arasındakı fərqləri bizə çox aydınca başa salmışdı...
Gərək ki, Şirməmməd müəllimin özü ilə ilk dəfə görkəmli türkoloq alim Aydın Məmmədovla birlikdə oturmuşduq. Uzaqdan böyük ehtiram bəslədiyim müəllimimlə birinci dəfə yaxından görüşür, söhbətlərini dinləyirdim. Bu insanların müasir tariximizdə və şəxsən mənim həyatımda böyük rolu var.
Sonralar həyat elə gətirdi ki, Şirməmməd müəllim "525-ci qəzet"in unudulmaz müəlliflərindən biri oldu. Biz onunla "525-ci qəzet"in redaksiyasında, BDU-da tez-tez görüşürdük. Onun redaksiyamıza hər gəlişi həm "525"in, həm də o vaxt Dövlət Tərcümə Mərkəzində yerləşən digər mətbuat orqanlarının əməkdaşları üçün əsl bayrama çevrilirdi. Şirməmməd müəllimin maraqlı söhbətlərindən doymaq olmurdu. Həmin illərdə o, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin dərc olunmamış əsərlərini "525-ci qəzet"də silsilə şəkildə nəşr etdirirdi - bu böyük şəxsiyyətləri də "525"in müəlliflərinə çevirmişdi. Qəzet üçün göndərdiyi yazılarda hər bir sözün üstündə əsərək böyük diqqət göstərir və redaksiyanın kollektivini də səfərbər edirdi - jurnalistikada aldığımız nəzəri dərsi həm də praktikada da ustadımızdan öyrənirdik. Müəllimimizin "525-ci qəzet"in şənbə saylarında mütəmadi olaraq tariximizi araşdıran yazılarını hamımız səbirsizliklə gözləyirdik. Hər dəfə redaksiyaya müraciət edəndə bilirdik ki, mətbuat tariximizlə bağlı nəsə yeni material gətirəcək, bilinməyən məqamları ortaya qoyacaq. Şirməmməd Hüseynovun zəhmətkeşliyi, fədakarlığı, klassik irsə, milli dəyərlərə münasibəti bizi heyrətləndirirdi və hamımız ondan necə məsuliyyətli olmağı öyrənirdik. Hər xırda söz, hadisə Şirməmməd müəllim üçün əhəmiyyətli idi və hər məsələyə dəqiqliklə yanaşırdı”. 
R.Məcidin sözlərinə görə, Şirməmməd Hüseynovun yolunu bu gün onun tələbələri uğurla davam etdirirlər: “Ustadın anadan olmasının 100 illik yubileyi ərəfəsində, bu günlərdə BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat kafedrasının müəllimi, Şirməmməd Hüseynovun araşdırmaçı yetirməsi Samir Xalidoğlunun rəhbərliyi, fakültənin bir qrup tələbəsinin iştirakı ilə "Açıq söz" qəzetinin 2-ci sayının transliterasiyası "525-ci qəzet"in içərisində işıq üzü gördü, qəzetin 3-cü sayının transliterasiyası isə artıq çapa hazırlanır.
Söz düşmüşkən, bu yerdə bir məqamı da qeyd etməyi vacib bilirəm. Bir neçə ildir, ADA Universitetinin böyük dəstəyi ilə, 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyyatının latın qrafikasıyla 20 cilddə nəşri prosesinə start verilib və artıq iyirmicildliyin yarıdan çoxu işıq üzü görüb. Belə bir əhəmiyyətli və xeyirxah təşəbbüs, hesab edirəm ki, həm bu ali təhsil ocağı tərəfindən Azərbaycanın mətbuat tarixinə xüsusi ehtiramın, həm də ustad tədqiqatçı Şirməmməd Hüseynovun başladığı böyük işə nəcib və qədirbilən münasibətin nümunəsidir.
Azərbaycan mətbuat tarixinin öyrənilməsi və təbliği istiqamətində Şirməmməd müəllimin fəaliyyəti təkrarsızdır. Ömrünün ahıl çağında da Şirməmməd müəllim çox enerjili, çalışqan idi. Hətta onun bir müsahibəsində dediyi: "Mənim əlimdə işim çoxdur, ona görə də ölməyə vaxtım yoxdur" - fikri qardaş Türkiyə alimlərini heyrətləndirmiş və məhz bu fikrinə görə Azərbaycana gəlib onunla tanış olmuşdular”. 
Baş redaktorun fikrincə, Şirməmməd müəllim həm bizdən ötrü, həm də bizdən sonrakı nəsillər üçün diqqətin, məsuliyyətin, dəqiqliyin, gördüyü işə hədsiz sevginin simvoludur: “Dəfələrlə olub ki, ya özünün təqdim etdiyi, ya da qəzetdə çıxan başqa materiallarda yalnız onun diqqətini çəkə biləcək, yalnız onun sezəcəyi hansısa rəqəmlərə, faktlara aid qeydlərini, düzəlişlərini dərhal telefonla çatdırıb. Əksəriyyətimizə çox xırda, əhəmiyyətsiz görünə biləcək həmin məqamlara son dərəcə həssas münasibəti əslində ona Ustad adı qazandıran müstəsna cəhət, nadir keyfiyyətdir.
Təxminən on il qabaq, yaşlı nəslin nümayəndələri hələ yeni texnologiyalara müqavimət göstərdiyi bir vaxtda Jurnalistika fakültəsində, Mətbuat tarixi kafedrasında üçümüz - Şirməmməd müəllim, Cahangir müəllim və mən söhbət edirdik. Birdən cib telefonu zəng çaldı. Mən, ilk ehtimal kimi, Cahangir müəllimə baxdım. Qımıldanmadı. Şirməmməd müəllim əlini pencəyinin cibinə atıb telefona cavab verdi. Gülümsədim və zövq aldım. Şirməmməd müəllimin yaşıdları arasında mobil telefonla ən tez dostlaşanlardan biri olduğunu biləndə heyrətlənib sevinmişdim.
Hərdən belə epizodları dostlara danışır, Şirməmməd müəllimin bizim üçün örnək olmalı bir çox keyfiyyətlərindən söz açıram. O, bizim üçün bir nümunə, gerçək əfsanə, həm də gözümüzün qarşısında olan canlı tarix idi!
Şirməmməd müəllimsiz həyatımızda dərin bir boşluq yaransa da, Ustadımızın nurlu xatirəsi daima bizimlədir. Bir əsri tamamlayan böyük Ustadımızın nurlu xatirəsi qarşısında ehtiramın və minnətdarlığın ifadəsi kimi bu gün də sayğı duruşunda baş əyirəm! Ruhunuz şad olsun, Şirməmməd müəllim!...”

Seçilən
22
sherg.az

1Mənbələr