"Bugünkü imtahanda 365 nəfər namizəd iştirak edir ki, onların da 70 faizini 40 yaşınadək namizədlər təşkil edir. Bu da onu deməyə əsas verir ki, gənclər vəkilliyə böyük maraq göstərir".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlər üçün bu gün keçirilən test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, vəkillər arasında gənclərin üstünlük təşkil etməsinə xüsusi əhəmiyyət verdiklərini söyləyib:"Gənclik vəkilliyə yeni nəfəs verir, vəkillik cavanlaşır. Təbii ki, yeni nəsil hüquqşünaslar vəkilliyə gəlmədən vəkillik institutu təkmilləşə bilməz. Təcrübəli vəkillərimiz isə yeni nəsil vəkillərin bilik və bacarıqlarının artırılmasında xüsusi rol oynayır".
Sədr onu da bildirb ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 58,4 faiz, respublikanın digər regionları üzrə isə 41,6 faizdir.
A.Bağırov bu gün imtahan verən vəkilliyə namizədlərin 25 faizinin qadın, 75 faizinin isə kişi olduğunu qeyd edib.
Şəbnəm Mehdizadə