AZ

Mərkəzi Bank 2025-ci ildə də valyuta bazarında sabitlik gözləyir

"Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 9 ayda 4 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 7.2%-i səviyyəsində olub. Cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ilin 11 ayında 5.6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb".

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı press-relizində bildirilir.

Qeyd edilib ki, əlverişli xarici sektor göstəriciləri şəraitində valyuta bazarında sabitlik qorunur, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilir. Mərkəzi Bank öncədən açıqlandığı kimi birdəfəlik dövlət xərclərini qarşılamaq üçün 2023-cü ildə daxili bazardan aldığı xarici valyuta hesabına 2024-cü ilin noyabr ayında da planlı şəkildə valyuta satışı həyata keçirib:

"Buna baxmayaraq, 2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 mlrd. ABŞ dolları təşkil edib. Bu da beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, Mərkəzi Bankın valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Oktyabr proqnozuna görə 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir".

Seçilən
12
1
marja.az

7Mənbələr