AZ

Vəkillər Kollegiyasının sədri vəkillərə ödənilən vəsaitin az olmasından danışdı - "Dəyişmir"

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov dövlət hesabına təyin olunan vəkillərə ödənilən vəsaitin az olmasına münasibət bildirib.

Teleqraf.com xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, istənilən Azərbaycan vətəndaşı maddi durumundan asılı olmayaraq hər zaman Vəkillər Kollegiyasına müraciət edə bilər.

O bildirib ki, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməyə hazırdılar: “Ancaq vəkillərin bəzi problemləri də var. Vəkilliyin ən böyük problemi odur ki, son yeddi ildə dövlət hesabına ödənilən hüquqi yardıma görə vəsait çox azdır”.

A.Bağırov xatırladıb ki, Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanda vəkil institutunun inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb. Sədrin sözlərinə görə, buna uyğun olaraq dövlət hesabına ödənilən vəsait üç dəfə artırılıb: “2018-ci il fevralın 22-dən sonra bu vəsait 6 manat təşkil edir. Həmin dövrdən isə məbləğ dəyişmir və bir saata görə 6 manat olaraq qalır. Halbuki, müəyyən inflyasiya prosesləri gedir və bütün digər sahələrdə buna uyğun olaraq maaşlar, ödənişlər indeksasiya olunur. Ancaq dövlət hesabına təyin olunan vəkillərə ödənilən vəsait 6 manat olaraq qalır. Təbii ki, bu, Vəkillər Kollegiyası olaraq bizi tam qane etmir. Hesab edirik ki, burada ədalət bərpa olunmalıdır. Vəkillərə ödənilən vəsait bazar şəraitinə və bu günün tələblərinə uyğun olaraq artırılmalıdır. Ən azı bir neçə dəfə artım olmalıdır. Bununla bağlı müvafiq dövlət qurumlarına müraciətlər edirik. Amma çox təəssüf ki, heç bir nəticə əldə olunmayıb. Danışıqları davam etdiririk və ümid edirəm ki, bu sahədə də bir dönüş əldə olunacaqdır”.


Müəllif: Məlik Məlikov
Seçilən
14
teleqraf.com

1Mənbələr