AZ

Noyabrda Azərbaycanın xarici ticarətində yarım milyard dollarlıq kəsir yaranıb  


2024-cü ilin noyabr ayında Azərbaycan xaricə 1 milyard 599 milyon 713.78 min dollarlıq mal və məhsul ixrac edib.

Musavat.com Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına istinadən xəbər verir ki, bu, oktyabr ayı ilə müqayisədə 1 milyard 287 milyon 706.97min dollar, ötən ilin eyni dövrü ilə müqayisədə isə 567 milyon 976.77 min dollar azdır.

Noyabr ayında xaricdən mal və məhsul idxalı 2 milyard 135 milyon 30.78 min dollara bərabər olub ki, bu da aylıq ifadədə 141 milyon 879.98 min dollar, illik ifadədə isə 496 milyon 680.45 min dollar artım deməkdir.

Nəticədə, noyabr ayında Azərbaycanın xarici ticarətində aylıq ifadədə 535 milyon 317 min dollarlıq mənfi saldo yaranıb.

Qeyd edək ki, bu, cari il ərzində 3-cü dəfədir ki, Azərbaycanın aylıq xarici ticarətində mənfi saldo qeydə alınır. Bundan əvvəl mart(61 milyon 344.03 min dollar) və sentyabr(255 milyon 857.43 min dollar) aylarında da ölkənin idxalı ixracından çox olmuşdu.

Ümumilikdə yanvar-noyabr aylarında Azərbaycanın ixracı 24 milyard 337 milyon 862.38 min dollar, idxalı 18 milyard 771 milyon 689.84 min dollar olub ki, bu da xarici ticarətin 5 milyard 566 milyon 172.54 min dollarlıq müsbət saldosunun yaranmasına səbəb olub.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr