AZ

Türk dövlətlərinin parlamentariləri toplaşacaq - ÖZƏL

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfər edib. 

Səfərdə Sahibə Qafarovanın bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.

Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Musa Quliyev Modern.az-a görüşün və səfərin detallarından danışıb.

Saytımıza açıqlamasında Musa Quliyev bildirib ki, parlamentin sədri Sahibə Qafarovanın ilk rəsmi səfəri  VII çağırış Milli Məclisə seçkilərindən sonra qardaş Türkiyəyə olub:

"Səfər 17-18 dekabr tarixlərində baş tutub. İki qardaş ölkə parlamentləri, bütövlükdə ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsi, yüksək səviyyələrə qaldırılmasına töhfə vermək səfərimizin əsas hədəfi olub. Dünəndən bizim görüşlərimiz başlayıb. Dekabrın 17-də Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Əhliman Əmraslanovun rəhbərliyi ilə biz Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşdülər. Hava Limanında bizi dostluq qrupunun sədri Şamil Ayrım qarşıladı. Çox yüksk səviyyədə görüşümüz oldu".
 

Musa Quliyev görüşün təfərrüatlarından danışıb:
 

"Görüşdə dostluq qrupunun üzvlərindən başqa Türkiyə Böyük Millət Məclisinin səhiyyə və sosial məsələlər,  konstitusiya məsələləri, müdafiə və təhlükəsizlik komitələrinin sədrləri də iştirak edirdi. Bizim qarşılıqlı üçtərəfli görüşlərimiz də oldu. Görüşlərdə əlbəttə, həm Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşdırılması, qardaşlığımızın daha da yüksək səviyyəyə qaldırılması, eləcə də bütün türk dövlətləri və parlamentləri arasında münasibəltərin daha da yüksək səviyyəyə qaldırılması məsələləri müzakirələr olundu, təkliflər verildi. Görüş olduqca əhatəli və səmərəli oldu. Hər iki tərəf razılaşdı ki, yaxın vaxtlarda türk dövlətləri parlamentlərinin dostluq qruplarının birgə konfransı təşkil olunsun və qanunlarımızın bir-birinə yaxınlaşdırılması istiqamətində işçi qrupları da fəaliyyət göstərsin. Eyni zamanda, Türkiyədən  bu yaxınlarda Azərbaycan parlamentinin 106-ci  ildönümünə görə ölkəmizə gələn deputatlar öz razılıqlarını bildirdilər. Onlar xüsusilə Şuşa, Xankəndi, Xocalı, Xocavənd və Füzulidə olublar. Bu səfər barədə zəngin təsəssüratlarını bizimlə bölüşdülər. Azərbaycanın qısa müddətdə işğaldan azad edilən ərazilərdə gördüyü işlərdən qürurla danışdılar. Bu sahədə qardaş Türkiyənin dəstək verəcəyi vurğulandı. Eləcə də Qərbi azərbaycanlıların doğma ata-baba yurdlarına qayıdışı ilə bağlı məsələ müzakirə olundu. Türkiyəli qardaşlar bu məsələdə də beynəlxalq səviyyədə bizə hər cür dəstək verəcəklərini bildirdilər. Bu gün isə Türkiyə parlamentində digər görüşlər planlaşdırılır".

Seçilən
1
1
modern.az

2Mənbələr