Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2024-cü ildə ən çox meydanda olan futbolçuların siyahısını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə CIES-in rəsmi saytı məlumat yayıb.
66 çempionat arasında Azərbaycan Premyer Liqasına da yer verilib.
İlk pillədə “Zirə”nin müdafiəçisi Ruan Renato qərarlaşıb. Braziliyalı legioner 4222 dəqiqə meydanda olub. O, bu həddə 47 oyunda çatıb. Renato 81.5 faiz çempionat, 18.5 faiz avrokubok görüşlərində iştirak edib.
İkinci sırada “Sabah”ın formasını geyinən Azərbaycan yığmasının üzvü Amin Seydiyev yer alıb. Cinah müdafiəçisi 45 qarşılaşmada 3799 dəqiqə keçirib. Bunların 83.5 faizi Premyer Liqa, 10,3 faizi avrokubok, 6.2 faizi milli komandaya təsadüf edib.
İlk “3-lüy”ü Azərbaycan millisinin digər üzvü Toral Bayramov qapayır. “Qarabağ”ın futbolçusu 60 oyunda 3728 dəqiqə meydanda olub. O, 58.2 faiz çempionat, 20.9 faiz avrokubok, 20.9 faiz yığma matçlarının iştirakçısıdır.
Qeyd edək ki, siyahı tərtib olunarkən dekabrın 15-dək olan qarşılaşmalar nəzərə alınıb, klublarkı görüşlərlə yanaşı, millilərdəki (əsas, U-23 və U-21) matçlara da diqqət yetirilib.