AZ

Beynəlxalq Miqrant Günüdür

18 dekabr Beynəlxalq Miqrant Günüdür. 

 

Sfera.az xəbər verir ki, 1990-cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul edildiyi günü Beynəlxalq Miqrant Günü elan edib.

 

Həmin vaxtdan etibarən dekabrın 18-i dünyanın hər yerində Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub.

 

Bu gün dünyada 1 milyarddan çox miqrant vardır. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni başqa ölkələrə üz tutanlar, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Müasir dövrdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması ən aktual və vacib məsələlərdən biridir.

 

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

 

Ölkəmizə 2023-cü ildə daimi yaşamaq üçün 3700 miqrant gəlib. Miqrantların yarısı MDB ölkələrinin vətəndaşlarıdır. Ölkələr üzrə götürdükdə Azərbaycana ən çox miqrant Gürcüstandan (1253 nəfər) və Rusiyadan (1235 nəfər) gəlib. Bu ölkələrdən başqa, Türkiyədən (400 nəfər), Ukraynadan (160 nəfər) miqrant gəlib.

 

Azərbaycanda miqrantların əmək və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər müvafiq olaraq Əmək Məcəlləsində, Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında tənzimlənməkdədir. 

 

Ölkədə miqrasiya ilə bağlı öz siyasətini də, miqrasiya ilə bağlı qanunvericiliyini də faktiki olaraq beynəlxalq miqrasiya ilə bağlı sənədlərlə tam uyğunlaşdırılıb. 2007-ci ildə Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra miqrantların vahid məlumat sistemi yaradılıb.

 

Azərbaycan BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanı ratifikasiya etdikdən sonra miqrasiya sahəsini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib. Bu sahədə ən son qanun 2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş və həmin il 1 avqust tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini qeyd etmək olar. Məcəllə miqrasiya ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə yaranan münasibətləri, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasındakı hüquqi statusunu müəyyənləşdirir.

 

Firuzə Əliyeva

phrase_var_article.chosen
44
sfera.az

1phrase_var_article.sources