İmpiçmentdən sonra səlahiyyətləri dayandırılan Cənubi Koreya prezidenti Yun Seok Yol qiyam cəhdi ilə bağlı Korrupsiyaya Qarşı İstintaq Departamentində dindirilməyə gəlməyib...
Poliqon xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Dindirilmə bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 5:00) baş tutmalı idi. İstintaq qrupu prezidentin nümayəndələri və poçt vasitəsilə çağırış vərəqələri təqdim etməyə çalışıb, lakin katiblik və Yunun təhlükəsizlik xidməti onları qəbul etməyib.
Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq Departamentinin rəhbəri Oh Donq Vunq bildirib ki, hüquq-mühafizə orqanları qanuna uyğun tədbirlər görəcək. İstintaq prezidentin həbsinə order verilməsinin və ya onun yenidən dindirilməsinin mümkünlüyünü müzakirə edir. Prokurorluq paralel olaraq öz təhqiqatını aparır və Yun Seok Yol dekabrın 15-də keçirilən ilk iclasa gəlmədiyi üçün ikinci dindirmə çağırışı göndərib.
Dekabrın 14-də Cənubi Koreya Milli Assambleyası Yun Seok Yola qarşı impiçment elan edib. O, dövlətə xəyanətdə və hərbi vəziyyətin tətbiqinə cəhddə ittiham olunur. Prezidentin toxunulmazlığı qiyam ittihamına şamil edilmir və Yun məhkəmənin hökmü çıxana qədər həbs oluna bilər. Dünən, dekabrın 17-də onun vəkilləri bildiriblər ki, müvəkkilləri qiyam ittihamlarını rədd edib. Onlar Yun Seok Yolun dekabrın 21-nə təyin edilmiş prokurorluqda dindirilməyə gəlib-gəlməyəcəyi sualına cavab verməyiblər.
Poliqon.info