AZ

Azərbaycan çempionatı: Amansızlar və acizlər - ARAŞDIRMA

Bu həftə “Qarabağ”la “Sumqayıt”ın oyunu ilə başlayıb.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqasının XVII turunun son görüşündə hər şey gözlənilən kimi olub.

Qurban Qurbanovun komandası gözlənildiyi kimi rəqibini darmadağın edib – 5:0. “Qarabağ”ın “Sumqayıt”ı böyük hesabla məğlub etməsi isə adi hala çevrilib.

Ağdam təmsilçisinin rəqibini “kötəkləməsi” az qala 2-3 gündən bir baş verib. Necə deyərlər, sağa da keçir vurur, sola da keçir vurur. Bəs görəsən, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində eyni rəqibi ən çox darmadağın edən kimdir?

13 ildə 18 darmadağın
“Sumqayıt”la “Qarabağ”ın oyunları zamanı göz önünə böyükhesablı nəticə alınacağı gəlir. İlk baxışdan yaranan bu təəssürat heç də yanlış deyil. 32 illik ölkə çempionatlarında heç bir komanda rəqibini bu qədər “döyməyib”. Yetərincə gənc olan və Premyer Liqada yalnız 2011-ci ildə debüt edən Sumqayıtın eyni klubu bu qısa müddətdə “Qarabağ”dan nələr çəkib. Qurban Qurbanovun komandası 13 ildən bir az artıq müddətdə rəqibini 18 dəfə böyükhesabla udub. Azərbaycan futbolu tarixinə bunun analoqu yoxdur. Heç bir komanda eyni rəqibi bu qədər aciz duruma salmayıb. Komandalar arasında isə cəmi 48 matç baş tutub. Həm bu, həm yazıdakı bütün oyun saylarında texniki nəticələr nəzərə alınmayıb. 48 görüşün 18-də rəqibini böyükhesabla udan “Qarabağ” 37,5 faizlik göstəriciyə imza atıb. Bu, o deməkdir ki, hər mövsümün 4 matçından orta hesabla 1,5-i üç və ya daha böyük fərqlə bitib. “Qarabağ” “Sumqayıt”ı hansı hesablarla udmayıb ki... 6:0 (iki dəfə), 6:1, 5:0 (hərəsi üç dəfə), 5:1 (bir dəfə), 4:0, 4:1 (hərəsi iki dəfə), 3:0 (beş dəfə). Özü də meydan amili də ciddi fərq etmir. Ağdamlılar öz meydanında 10, səfərdə 8 dəfə belə nəticəyə seviniblər.

Asan yem
Ümumiyyətlə, “Qarabağ” eyni rəqibini 10 və daha çox oyunda böyükhesbala udmağı bacaran yeganə komandadır. Qurban Qurbanovlu komandanın yeganə qurbanı isə “Sumqayıt” deyil. Çempion önündə qalan daha bir neçə komanda üçün amansız kimi çıxıb. “Qarabağ” “Qəbələ”, “Şamaxı” və “Neftçi”nin hərəsini 11, “Səbail”i isə 10 dəfə darmadağın edib. Sonuncular əsl “asan yem”i xatırladır. 28 matçda 10 böyükhesablı nəticə 35,7 faizlik göstəriciyə bərabərdir. “Səbail” bu acınacaqlı durumuna görə yalnız “Sumqayıt”a baxıb təsəlli tapa bilər. “Qəbələ” isə 11 ağır məğlubiyyəti 62 görüşdə alıb. Yəni ümumi oyunların 17,8 faizində.

“Qarabağ”a cavab qaytaranlar
Eyni rəqibə 10 və ya daha çox görüşdə böyükhesabla uduzan 5 komandadan ikisi digərlərindən fərqlənir. Düzdür, onların hamısının qənimi “Qarabağ” olub. Amma “Sumqayıt”, “Səbail” və “Qəbələ”dən fərqli, “Neftçi” ilə “Şamaxı”nın bir böyükhesablı qələbəsi də var. Üstəlik, sonuncu iki komanda daha çox duelə çıxıb. “Neftçi” 96, “Şamaxı” 75 duelin 11-də azarkeşlərinə böyük üzüntü bəxş edib.

Bir-birini şil-küt edənlər
Böyükhesablı nəticənin ən çox qeydə alındığı cütlər arasında ikinci yerdə “Qarabağ” – “Kəpəz” matçlarıdır. Bu rəqiblər hər ikisi bir-birini şil-küt etməyi dəfələrlə bacarıblar. Ağdam klubu 9, Gəncə təmsilçisi 5 darmadağına sevinib. Bu, hər iki tərəfin minimum 4 belə qələbə qazandığı yeganə cütdür.
Daha bir cütdə maraqlı rəqəmlər qeydə alınıb. “Neftçi” 7 dəfə darmadağın etdiyi “Qəbələ” önündə üç dəfə aciz duruma düşüb.
Ölkə çempionatları tarixində qarşılıqlı darmadağınların olduğu, ən azı 5 belə matç keçirən cütlər də olub. “Turan” həm “Kəpəz”, həm “Qarabağ”ı üç dəfə böyük fərqlə üstələsə də, hər iki rəqibinə daha çox – 4 dəfə uduzub.
Tarixdə 3 dəfə darmadağın edib, 2 dəfə həmin duruma düşən komandalar da yetərincədir. Belə cütlərin sayı 7-yə bərabərdir.

“Karvan”ın unudulmaz rekordu
Oyunlarında darmadağınla qalib gəlmək faizi də maraq doğurur. Amma tarixdə 1-2 dəfə qarşılaşdığı komandanı hər dəfə böyük hesabla udanlar da var. Bu üzdən minimum 5 dəfə görüşən cütləri nəzərdən keçirək. “Karvan” MOİK-lə 6 matçın dördündə rəqibinə aman verməyib. Bu, 66,7 faizə bərabərdir.
“Neftçi” Bərdə “Pambıqçı”sı ilə 8 oyunun 5-də darmadağınla qalib gəlib. Bu, 62,5 faizlik nəticədir.

Bir-birini üzməyənlər
Ölkə çempionatları elə cütlər də olub ki, dəfələrlə qarşılaşan komandalar heç vaxt 3 top fərqinə sevinməyiblər. Ən çox belə matça çıxanlar 16 dəfə üz-üzə gəlib. “Qəbələ” ilə “Turan”, AZAL-la “Rəvan” 16 qarşılaşmadan kiçik fərqlə ayrılıblar.
Tam əksi qeydə alınan 4 cüt də var ki, orda baş tutan cəmi iki oyunda hər komanda bir dəfə rəqibini əzib keçib.

Qeyd edək ki, bu günə qədər baş tutan və texniki nəticə ilə yekunlaşmayan 10056 oyunun 10,2 faizi – 1028-də üç və ya daha böyük top fərqi olub.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
56
idman.biz

1Mənbələr