AZ

Ermənilərin oğurlamaq istədiyi “Sarı gəlin”: Birdən-birə nə oldu? – VİDEO 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həmin videonu paylaşması xüsusi diqqət çəkib. Bildiyimiz kimi, “Sarı gəlin” mahnısı türklərin ortaq dəyəri statusunu alıb. Bu mahnıya isə ermənilər iddia edir. Amma mahnının sözləri, melodiyası, bütövlükdə ruhu başdan-başa türkdür.


Globalinfo.az-a danışan xalq şairi Sabir Rüstəmxanlı deyib ki, R.T.Ərdoğanın ədəbiyyata, şeirə, musiqiyə sevgisi hər kəsə məlumdur.


O, dəfələrlə belə bir hadisənin şahidi olduğumuzu qeyd edib:


“Hətta Ərdoğan seçki dövründə, eləcə də müxtəlif çıxışlarında türk və Azərbaycan poeziyasından, Bəxtiyar Vahabzadənin şeirlərindən səsləndirməsini xatırlayırıq. Yəni adam tez-tez Azərbaycan poeziyasından nümunələr səsləndirir. Bu isə heç şübhəsiz ki, onun çıxışlarına xüsusi bir rəng qatır. Daha əvvəl “Ay Laçın” mahnısını da ifa etmişdi. Mehriban xanım da Türkiyə kimi bir dövlətin başçısının Azərbaycan musiqisinə olan marağını göstərmək üçün belə paylşım edib. Bu, bizim ortaq dəyərlərimizə olan münasibətlərimizin göstəricisidir”.


S.Rüstəmxanlı mədəniyyət nümunələrimizə ermənilərin iddia etməsinə də münasibət bildirib:


“Bunun da bir səbəbi odur ki, 30-cu illərin əvvəli müəyyən müddət Azərbaycanda mahnı və rəqs ansamblına burada yaşayan erməni başçılıq edib. Beləliklə də, Azərbaycanda toplanılan bir sıra xalq mahnılarını ermənilərin adına çıxmağa çalışıb. Amma Ermənistan Azərbaycanın və türk dünyasının ortasında balaca bir adadır. Kiçik xalqın böyük millətə təsiri real və ağlasığan məsələ deyil. Ona görə də onlar bizim mətbəximizə, mədəniyyətimizə, hətta simfonik musiqimizə, Üzeyir Hacıbəyovlinin və müəllifi bəlli olan digər musiqi nümunələrinə göz dikirlər. Fürsət düşən kimi onları xarici ölkələrdə öz adlarına çıxırlar. Necə deyərlər – bol süfrəyə əl uzadan çox olar. Biz artıq buna alışmışıq”.


Xalq şairi ermənilərin “Sarı gəlin”ə olan iddiasından danışıb:


“Azərbaycan mədəniyyətinin zəngin olması qonşulara da təsir göstərir. “Sarı gəlin” heç bir məntiqlə erməni mahnısı ola bilməz. Bunlar boş söhbətdir danışırlar. Biz bununla heç nə uduzmuruq. Bizim mədəni dəyərlərimizi ermənilər öz adlarına çıxmaqla bir növ onu təbliğ etmiş olurlar. Çünki erməni adına olsa belə, bütün dünyaya yayılır. Günün birində də onların yalanı üzə çıxır. Məlum olur ki, ifa etdikləri mahnı və s. Azərbaycana məxsusdur. Necə ki, Qarabağ torpaqlarına göz dikirdilər və birdən-birə bütün dünya gördü ki, Qarabağ Azərbaycanın bir parçasıdır. Bu da təxminən ona bənzəyir”.


Seçilən
12
referans.az

1Mənbələr