AZ

Quba rayon İcra Hakimiyyətinin müavini Şahin İsrafilov barədə ŞİKAYƏT- Başçının xəbəri varmı?

Bir qrup Quba rayon sakini Şahin İsrafilov barədə redaksiyamıza şikayət məktubu ünvanlayıblar.

Məktubda qeyd olunur ki, Şahin İsrafilov əvvəllər Xaçmaz Gənclər İdarəsində, Xaçmazda Əhalinin Sosial Müdafiə İdarəsində və 2 saylı Maliyyə Hesablaşma Mərkəzi, Quba-Xaçmaz Təhsilin regional Maliyyə İdarəsində rəis işləyib. Sonuncu işi Quba-Xaçmaz regional Mədəniyyət İdarəsi rəisinin müavini olub.

Sakinlər bildirir ki, Şahin İsrafilov Xaçmazda Əhalinin Sosial Müdafiə İdarəsinin rəisi vəzifəsində işləyərkən sosial yardımlarla bağlı dəfələrlə şikayət olub və bu yardımların ünvanına çatmadığı üçün bu şəxsin "xüsusi əməyi" olub. Vətəndaş qəbulları zamanı bu şəxsin problemləri həll etmədiyi də qeyd olunur:

"O, 2 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi işlədiyi dövrdə regionun bütün təhsil müəssisələrində yüksək məbləğdə pul toplama marafonları ilə bağlı kifayət qədər şikayətlər olub. Hesablama palatasının audit yoxlamasından sonra Xaçmaz məktəblərini kütləvi halda əhatə edən pul toplama marafonları uğurla davam etdirilib. Yoxlama zamanı ciddi maliyyə nöqsanları aşkar edildikdən sonra məktəblər dövlət büdcəsindən ayrılan vəsaitlərin aidyyatı üzrə sərf edilməməsinə görə "cəzalandırılır”.

Heç bir halda təhsil müəssisəsinin dövlət büdcəsi qarşısında borcu yarana bilməsə də, Şahin İsrafilovun birbaşa rəhbərliyi və iştirakı ilə məktəblərdən "istehsal müəssisəsi” kimi istifadə olunub, tamamilə əsassız və qanunsuz olaraq məktəblərdən pul yığılıb"-,deyə şikayət məktubunda bildirilir.

Sakinlər iddia edirlər ki, hətta Xaçmaz müəllimlərindən "şəhid ailələrinə yardım” adıyla pul yığılması ilə bağlı şikayətlər də olub. Şahin İsrafilovun təlimatı əsasında ərizə formaları hazırlanıb və müəllimlərə paylanıb. 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Şahin İsrafilova ünvanlanan həmin ərizələrdə hər müəllim guya "xahiş” edib ki, müəllim və digər işçilərin maaşlarından bir faiz tutulsun:

"Bu məbləğin şəhid ailələrinə, əlil və kimsəsizlərə çatacağı ərizələrdə qeyd olunurdu. Müəllimlərin ərizələrində xahiş edilməliydi ki, maaşlardan hər ay tutulan məbləğ Xaçmaz rayon İcra Hakimiyyətinin Büdcədənkənar Fonduna köçürülməsi üçün Şahin İsrafilov göstəriş versin. Müəllimlər məcburi qaydada bu ərizələri yazmağa məcbur olunurdu.

Şahin İsrafilova işində yol verdiyi ciddi nönsanlara və qanunsuz hərəkətlərinə görə sabiq nazir Ceyhun Bayramov zamanında dəfələrlə xəbərdarlıq və töhmət verilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar da var."

Məlumatda bildirilir ki, Şahin İsrafilov 2024-cü ilin aprel ayından etibarən Quba rayon İcra Hakimiyyətinin müavini vəzifəsinə gətirilmişdir:

"Bu təyinatın baş tutmasında səbəb Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri, Şahin İsrafilovun isə 2 saylı Maliyyə Hesablaşma Mərkəzi, - Quba-Xaçmaz Təhsilin regional Maliyyə İdarəsinin rəisi vəzifələrində işlədikləri dövrlərdəki əlaqələri və bəlli işbirlikləri olub.

Şahin İsrafilovun Quba rayon İcra Hakimiyyətinin müavini vəzifəsinə təyin olunan gündən etibarən rayon ərazisindəki bir sıra tikintilərin sökülməsi prosesinə başlanılmışdır."

Sakinlər iddia edirlər ki, bu tikintilərin arasında əlil və qazilərə aid yaşayış evləri, digər bina və tikintilər də mövcuddur:

"Bu məsələ hazırda qubalılar arasında çox ciddi narazılıqların yaranmasına gətirib çıxarmışdır. Qubalıları narazı salan digər məsələ isə qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədardır.

Hazırda RİH-nin müavini Şahin İsrafilovun birbaşa himayədarlığı ilə Allahverdi Xudaverdiyevin Quba bələdiyyəsinə sədr gətirilməsi prosesi geniş vüsət almışdır.

Qubada 2012-ci ildə baş verən Quba hadisələrinin iştirakçılarının bir arada olduğunu iddia edən məktub müəllifləri yazır:

"2012-ci il martın 1-də Qubada baş verən hadisələr hər kəsin xatirindədir. Mitinq polis əməkdaşlarının və xüsusi xidmət orqanlarının köməyi ilə yatırılsa da "Quba hadisələri” adı ilə tarixə düşən həmin günün mənəvi-psixoloji fəsadları hələ də özünü büruzə verməkdədir. O hadisələrdə Quba kimi şərəfli və qədim tarixə malik olan bir diyarın nüfuzuna, şöhrətinə və hörmətinə xələl gətirmiş bəzi şəxslər bu hadisələrdən yararlanaraq şəxsi maraq və ambisiyalarını, daha doğrusu mənfur niyyətlərini həyata keçirməyi planlaşdırırdılar. Həmin o "bəzi” şəxslər Quba Rayon İcra Hakimiyyəti başçının istefasına nail olduqları halda öz aralarında RİH-nin başçısı və komandasını da müəyyənləşdirmişdilər. Belə ki, icra başçısı vəzifəsinə o dövrdə Quba bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri, qubalılar arasında "bazarkom Elxan” kimi tanınan Elxan Əliyev gətirilməli, ətrafına isə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləyən və aqrar islahatlar zamanı torpaq sahələrini dədəsinin malı kimi satıb sovuran Allahverdi Xudaverdiyev, 2005-2010-cu illərdə Quba bələdiyyəsinin sədri işləmiş, o qədər də nüfuz sahibi olmayan İlqar Xəlilov, RİH-nin hüquq şöbəsinin müdiri, bir sıra xoşagəlməz məsələlərdə adı hallanan Hikmət Yasinov və bu tipli adamlar təyin olunmalıydı.

Bəli, martın 1-də Qubada baş verən hadisələr respublikanın xüsusi xidmət orqanlarının rəhbərliyi ilə yatırıldı və həmin o "bəzi” şəxslərin planı baş tutmadı. Belə ki, Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gətirilməli olan Elxan Əliyev ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə, vəzifə səlahiyyətlərini aşma və bu cür hərəkətlərdə fəal iştirak etmə maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdi."

Bəs bu gün Qubada nə baş verir?

"Bu gün yuxarıda adı çəkilən həmin şəxslər qrup halında birləşərək Allahverdi Xudaverdiyevi Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirməyə çalışırlar. Hazirda bu istiqamətdə aşağı-yuxarı təşkilatlanma işləri gedir ki, bu da qubalılar arasında ciddi narazılıqla qarşılanır.

Allahverdi Xudaverdiyev kimdir?

A.Xudaverdiyev Qubada uzun müddət Rayon torpaq şöbəsinin müdiri vəzifəsində işləmiş, fəaliyyət göstərdiyi müddət ərzində rayonda aparılan torpaq islahatlarına bilavasitə rəhbərlik edərək torpaq sənədlərinin hazırlanmasında birbaşa iştirak etmiş, öz imzası və möhürü ilə təsdiqlədiyi Torpaq mülkiyyət hüququna dair Dövlət Aktları, Torpaq-alqı satqısına dair Aktlar, Dövlət Aktı Kadastr planları və bu qəbildən olan şəhadətnamələr və digər hüquqi sənədlərin əksər hissəsi onun bəzi əməllərinin nəticəsi olaraq elektron baza xəritəsində yerləşdirilməmişdir. Hazırda yüzlərlə vətəndaş A.Xudaverdiyev tərəfindən saxta yollarla verilmiş Dövlət Aktlarını qanuniləşdirə bilmir. Belə ki, vətəndaşlar Dövlət Aktları kadastrı planlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata daxil etmək istədikdə, onlara verilən həmin sənədlərin əslinin olmadığı bildirilir ki, bu da rayon sakinlərinin bir qisminin hələ də çıxarış ala bilməməsinə və haqlı narazılıqlara gətirib çıxarir. Maraqlıdır ki, akt verilibsə torpaq hanı, yox torpaq yoxdursa dövlət adına aktlar hansı əsasla verilib?"-deyə bildirilir.

Məktubda o da qeyd olunur ki, yerlərdən verilən məlumatlara görə bəzi hallarda həmin aktlar əsasında və müəyyən məbləğ qarşılığında "köhnə möhürlü yeni sənəd” alan şəxslər də vardır.

Rayonda müəyyən torpaq sahələrini satmaq da, icarəyə vermək də, əkib becərməyə görə verilən subsidiyaları necə gəldi bölüşdürmək də A.Xudaverdiyev tərəfindən həyata keçirilib və bu proses hələ də bu və ya digər qaydada onun iştirakı ilə həll olunur:

"Bu gün rayonda 20 ildən çoxdur ki, əllərində dövlət aktı olmasına baxmayaraq, haqları olan pay torpaqlarına sahib ola bilməyən xeyli sayda insan var və bu insanlar bu məsələdə birbaşa olaraq rayonda aparılan aqrar islahatlar zamanı Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş Allahverdi Xudaverdiyevi günahlandırır, hər bir ailəyə onun imzası və möhürü ilə təsdiq edimiş torpaq aktı adında quru kağız parçası təqdim olunsa da faktiki olaraq torpaq sahəsi verilmədiyinə görə ali dövlət qurumlarından yardım istəyirlər.

Rayonda yol verdiyi saxtakarlıqların nə zamansa üzə çıxacağından ehtiyat edən A. Xudaverdiyev haqqında müxtəlif fərziyyələr dolaşır.

Yeri gəlmişkən, hətta çox insanlara hələ də sirr olaraq qalır ki, Quba rayon Notariat Arxivinin yandırılması kimi planı olub, təsadüf, yoxsa düşünülmüş yanğın?

A.Xudaverdiyevin törətdiyi əməllərə görə barəsində müvafiq orqanlara yüzlərlə ərizə və müraciət daxil olsa da, onun vəzifə saxtakarlığı və işində yol verdiyi ciddi nöqsanlara görə vətəndaş ərizələri əsasında cinayət işləri açılsa da, bu işlər yarımçıq dondurulub.

A.Xudaverdiyev bir müddət sonra Quba rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə irəli çəkilsə də az müddət ərzində vəzifə səlahiyyətlərini aşaraq ciddi nöqsanlara yol verdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılmışdır.

A.Xudaverdiyev 08 Avqust 2024-cü il tarixdən etibarən "Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsinə gətirilib. İşlədiyi bütün sahələrdə ciddi nöqsanlara yol verən bu adamın yeni vəzifəyə gətirilməsində onun xaçmazlı dostu, rayonunda müxtəlif vəzifələrdə işləmiş və müəmmalı şəkildə vəzifədən azad olunmuş, bir neçə ay öncə isə Quba RİH başçısının müavini təyin olunmuş Şahin İsrafilovun birbaşa rolu olmuşdur. Şahin İsrafilovla A.Xudaverdiyevi birləşdirən başlıca amillər təbii ki, başqa amillərdir."

"O, "sudan quru” çıxmaq üçün Xaçmazda ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işə düzəlməyə müvəffəq olub.

Sual yaranır ki,Qubada kifayət qədər saf,vətənprvər, dövlətə və dövlətçiliyə sadiq insanlar olduğu halda Xaçmaz ictimaiyyəti arasında heç bir nüfuzu olmayan Şahin İsrafilovun Quba RİH-nin müavini vəzifəsinə gətirilməsinə nə ehtiyac vardı ki?

Torpaq islahatları zamanı kütləvi səhlənkarlığa yol verən A.Xudaverdiyev RİH-də birinci müavin işlədiyi dövrlərdə də öz səhlənkar və saxtakar əməllərindən geniş şəkildə istifadə etmişdir. Quba RİH-nin başçısı Ziyəddin Əliyev məzuniyyətdə olduğu dövrdə birinci müavin işləyən A.Xudaverdiyev RİH-nin hüquq şöbəsinin müdiri Hikmət Yasinovla birlikdə köhnə tarixlərlə saxta sərəncamlar hazırlayıb külli miqdarda pul əldə etmişlər.Z.Əliyev məzuniyyətdən qayıtdıqdan sonra A.Xudaverdiyevlə Hikmət Yasinovun hər ikisini ifşa edərək tutduqları vəzifədən xaric etmişdir. Hikmət Yasinov rayonda nüfuz sahibi deyil, adı yaxşı işlərdə hallanmır. Atası Qüdrət Yasinov rayon mədəniyyət idarəsinin müdiri işləyərkən külli miqdarda dövlət vəsaitini mənimsədiyi üçün 3 il müddətinə həbs olunub."-deyə redaksiyamıza ünvanlanan məktubda qeyd olunub.

"A.Xudaverdiyevin yaxın dostu, 2005-2010-cu illərdə Quba bələdiyyəsinin sədri işləmiş İlqar Xəlilovun da adı bəzi pis işlərdə adı hallandırılır. Təkcə Quba rayonunda deyil, ətraf rayonlarda da bu iki "dostu” tam başqa həyat yaşayan şəxslər kimi tanıyırlar. Bir neçə il əvvəl A. Xudaverdiyevlə İ. Xəlilov ciddi qəza törətmiş, hadisə zamanı İ.Xəlilovun ayağı qırılmışdır. Sükan arxasında birinci müavin A. Xudaverdiyev olduğu halda vəzifəsindən azad ediləcəyidən qorxaraq sükan arxasında İ.Xəlilovun olduğunu bildirmiş, cinayətinin özü tərəfindən törədildiyini gizlətmişdir."

Məktubda bildirilir ki, İ.Xəlilov bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyə torpaqlarını satıb talamış, yaşadığı binanın arxitekturasını dəyişərək yanında əlavə bina, ətrafında ticarət obyekti, şəhərin Maksim Qorki küçəsində isə təmtəraqlı ev tikmişdir:

"Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsinə gətirilən A.Xudaverdiyev də öz növbəsində o qədər də nüfuz sahibi olmayan, cəmiyyətdə adları başqa işlərdə hallanan İlqar Xəlilovu və Hikmət Yasinov kimi köhnə döstlarını başına topladı. Hazırda ictimaiyyət tərəfindən qəbul olunmayan bu qrupa RİH-nin müavini Şahin İsrafilov birbaşa himayədarlıq edir.

Bu günlərdə A.Xudaverdiyevin RİH-nin müavini Şahin İsrafilovun birbaşa himayədarlığı və E.Əliyevin bazardan və restoranlarından əldə etdiyi və vergidən gizlədilən pullarıyla Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirilməsi üzərində işlər gedir.

E.Əliyev həbsdən çıxandan sonra Quba bazarına rəhbərlik etməsi ilə yanaşı, yolunda yerləşən "Aynur” adlı restoranlar şəbəkəsini dövlət meşə fondunun on hektarlarla ərazisini zəbt edərək genişləndirmiş, yeni obyektlər kompleksi yaratmış, meşənin ucqar yerlərini də zəbt etmişdir.

E.Əliyevin A.Xudaverdiyevin Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirilməsində marağı odur ki, dövlət meşə fondundan zəbt etdiyi əraziləri "sənəd”ləşdirə bilsin.

Bu məsələdə RİH-nin müavini Şahin İsrafilov xüsusi canfəşanlıq göstərir.

Qubalılar arasında gəzən söz-söhbətə görə Allahverdi Xudaverdiyevin Quba Bələdiyyəsinə sədr seçiləcəyi təqdirdə bu ev hədiyyə kimi söz verilib. Maraqlıdır, görəsən, Qubanın İcra Başcısı bu sövdələşmədən xəbərdardımı?

P.S Yazıda adları çəkilən şəxslərin cavab haqları var. Redaksiya olaraq qarşı tərəfin də rəyini dinləməyə hazırıq.

Seçilən
22
ulusum.az

1Mənbələr