AZ

Jalanaş əzabkeşləri – Minlərlə qadın ALJİR-də zorlamaya məruz qalıb, 1507 körpə doğulub

Dünən Qazaxıstan mediasında belə bir xəbər vardı ki, bu ölkədə repressiya qurbanlarına 2,9 milyon dollar müavinət ödəniləcək.

Qazaxıstan dövləti belə bir qərara gəlib. Gecdirmi? Gecdir. Hazırda o repressiya qurbanlarının heç biri sağ deyil. Hətta düşərgələrdə, sürgün yerlərində doğulanların ən “gənc”inin yaşı 80 civarındadır.

1921-1954-cü illərdə isə Qazaxıstanda 100 min yerli insan siyasi repressiyaların qurbanı olub. Onlardan 25 mini ölüm cəzasına məhkum edilib və hökm ləngidilmədən yerinə yetirilib.

15 dəqiqəlik məhkəmələrin apelyasiya, kassasiya şikayəti olsa nə olacaqdı ki? O da olmayıb. Edam hökmü səslənən gün ənsəyə tuşlanan tapançalar da səslənib, məsələ bitib.

Bundan başqa, 1933-cü illərdə milyonlarla qazaxıstanlı aclığa düçar olub. Sovet ölkəsinin taxıl anbarı olan, daha sonra SSRİ-nin yarıdan çoxunu çörəklə təmin edən ölkənin insanları acından qırılıblar.

Repressiya illərində Qazaxıstan milyonlarla sovet vətəndaşının həbs və sürgün yerinə çevrilib. SSRİ xalqlarının bir çoxu, azərbaycanlılar, koreyalılar, iranlılar, türklər, kürdlər, Krım tatarları, çeçenlər, almanlar, yunanlar, inquşlar, qaraçaylar, balkarlar və digər xalqlar öz dədə-baba yurdlarından zorla çıxarılaraq bu ölkəyə deportasiya olunub, orada məskunlaşdırılıblar. Həmin şəxslərin törəmələri hələ də doğulduqları məkanda, Qazaxıstan ərazisində kompakt şəkildə (seyrəlmələr olsa da) yaşayırlar.

1938-54-cü illər arasında Qazaxıstanın Karaqanda vilayətinin ərazisində yerləşən Akmolinsk (indiki paytaxt Astana) ərazisində daha bir həbsxana mövcud olub. Karaqanda həbs düşərgəsinin 17-ci filialı olan həbsxana ALJİR adlanıb. Əlcəzair dövlətinin ruscadakı variantının adaşı olan həmin həbs düşərgəsinin adı təsadüfən seçilməyib. Bu, həm abbreviaturadır (ruscada Akmolinskiy Laqer Jen İzmennikov Rodinı – Vətən Xainləri Arvadlarının Akmolinsk Düşərgəsi). Həm də bu adda Yer üzündəki cəhənnəmin isti bucaqlarından biri olan Əlcəzairin səhra iqliminə işarə var. Düşərgəyə ALJİR adını isə yəqin ki, məhbus qadınlar və ya dövlət rəsmiləri yox, düşərgədəki müstəntiqlər, türmə rəhbərliyi, nəzarətçilər qoyublar.

Bu həbsxanada cəza çəkən qadınlar nə ərlərini, nə də özlərini vətən xaini və ya cinayətkar saymayıblar. Sonradan tam əksəriyyəti də bəraət alıb.

Gerçəkdən də marşal Tuxaçevski dövlət çevrilişi və ya Stalinin həyatına sui-qəsd hazırlayırdısa (belə bir təşəbbüs gerçəkdən olub), bunu nəinki evdə arvadıyla, eləcə də çoxdan ayrı yaşadığı bacısıyla müzakirə etməyib, son dərəcə gizli saxlayıb, yalnız general Yakir başda olmaqla yaxın dostlarını məsələdən hali edib. Bu halda onun bacısının, eləcə də yeznəsinin bacılarının günahı nə olub ki, hamısını nəsillikcə həbs ediblər?

Yaxud tutduğu vəzifəyə görə (SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri - sovet dövlətinin ən legitim və yüksək səlahiyyəti olan postu) Avropa ölkələrində “SSRİ-nin prezidenti” adlandırılan Mixail Kalininin özü ali dövlət vəzifəsində otursa da, arvadı Yekaterina ALJİR-də cəza çəkib. Təsəvvür edin, dövlətin de-yure başçısı öz həyat yoldaşını xilas edə bilməyib.

Veteran leninçi-inqilabçı, kompartiyanın mərkəzi komitəsinin Siyasi Büro üzvü Nikolay Buxarini “antisovet fəaliyyət”inə görə gülləyəyiblər, arvadı Anna Larinanı isə ALJİR-ə göndəriblər.

Daha bir məşhur inqilabçının – Avel Yenukidzenin arvadı və qızı ALJİR sakini olublar. Azərbaycanda da yaxşı tanınan inqilabçı Aleksandr Serebrovskinin (Qaraçuxur qəsəbəsi sovet dönəmində onun adını daşıyırdı) arvadı da onların türmə yoldaşı olub.

Ümumiyyətlə, bu düşərgədə məşhur inqilabçıların, diplomatların, incəsənət və mədəniyyət xadimlərinin həyat yoldaşları və digər yaxınları ilə yanaşı, daha 18 min qadın məhkum yaşayıb. Onların 7 mindən çoxu cəzalarını günə-gün çəkiblər. Məhkumların 90%-i ziyalıların əzizləri olub, demək olar ki, hamısının ali təhsili varmış. Dustaq qadınlar arasında doktorlar, professorlar, müğənnilər, rəqqasələr, müəllimələr olub. Həmin vaxt isə bütün SSRİ-də ali təhsilli qadınların çatışmazlığı hökm sürüb. Amma sovet dövləti ölkədə olan-qalan savadlı qadınları yığıb ALJİR və digər qadın düşərgələrinə doldurub.

O vaxtlar başqa qadın düşərgələri də olub: biri Rusiyanın indiki Nijni Novqorod (keçmiş Qorki) şəhərindən 40 km aralıdakı Temlyakovskidə, başqa biri Qırğızıstanın paytaxtı Bişkekin 100 kilometrliyindəki Cangicirdə, digəri isə Rusiyanın Mordova respublikasındakı Zubovo-Polyanki rayonundakı Temnikovskidə yerləşib.

Böyük şairimiz, dövlət himnimizin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım haqsıq yerə məruz qaldığı həbs məşəqqətlərini məhz Jalanaş gölünün yaxınlığındakı bızqırda yerləşən ALJİR-də çəkib – ta 1955-ci ildə bəraət alana qədər.

Yeri gəlmişkən, Şükriyyə xanımın bu düşərgədə öz namusunu necə qoruduğu barədə dillərdə dastan olan, real hadisələrə əsaslanan bir epizod var. (Bu barədə çox yazılıb, internet resurlarında geniş yayılıb, təkrara ehtiyac yoxdur). Ancaq ALJİR haqqında yazılan memuarlardan aydın olur ki, bu düşərgədə qadınların zorlanması adı hal alıb. Çünki onlar “vətən xainləri”nin arvadları, qızları, bacılarıydı və bir kimsə onların haqqını tələb etməyəcəkdi (zatən, ataları, ərləri, qardaşları güllələnmişdi). Ona görə də bu binəsib qadınlar türmədə işləyən zabitlərin, nəzarətçilərin “halal”ı hesab olunub. Düşərgədə 1507 “atası bilinməyən” körpənin doğulması bu zorlamaların və ya cinsi birlikdəliyə vadar edilmələrin nətcəsi olub.

Düşərgənin bütün mövcudluğu ərzində heç kim qaçmağa cəhd göstərməyib, çünki hər bir məhbus ucu-bucağı görünməyən çöldən heç yerə qaçıb qurtula bilməyəcəyini yaxşı anlayıb. Hər hansı bir cəhd isə yerindəcə güllələnməyə, nəzarətçilərin canavar ağızlı itlərinin yeminə çevrilməyə və ya onsuz da işgəncənin adiləşdiyi düşərgədə yeni və daha dözülməz işgəncələrə məruz qalmağa səbəb ola bilərdi.

İndi Qazaxstan dövləti milyonlarla insana bu cür olmazın məşəqqətlər, iztirablar, mərhumiyyətlər yaşatmış, yüz minlərlə insanın həyatını tarmar etmiş sovet-rus rejiminin, Moskva-Kreml güruhunun əvəzindən repressiya qurbanlarına təzminat ödəmək istəyir. Gecdir. Amma heç vaxt olmamağındansa, bəlkə də gec olması yaxşıdır.

Teref.az

Seçilən
7
hurriyyet.az

1Mənbələr