"Fernandu Satnuşun I Liqa klublarından milliyə futbolçu dəvət etməsi bir baş məşqçinin ata biləcəyi ən yaxşı addımdır".
Bunu seher.media-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.
"I Liqa klublarının oyunlarını yerində izləmək baş məşqçi üçün ən yaxşı addımlardan biridir. Çünki orada çıxış edən futbolçular bundan ilhamlanaraq daha yaxşı oyun nümayiş etdirməyə çalışacaqlar. Bunun üçün Fernandu Santuşa təşəkkür etmək lazımdır.
Amma nə dərəcədə uğurlu addımdır bunu yalnız futbolçular dəvət olunandan sonra deyə bilərik. İndidən bu barədə danışmaq çox tezdir. Azərbaycan millisinin inkişafı üçün öncə aşağı yaş qruplarında çıxış edən futbolçulara diqqət yetirmək və onları yetişdirmək lazımdır. Azərbaycan futbolunun və milli komandanın uğurunu istəyiriksə, minimum beş il vaxt sərf etməliyik. Yaxın qonşumuz Gürcüstanın Avropa çempionatında uğurlu çıxışı məhz bununla bağlıdır. Mən onların oyunlarını yaxından izlədim və futbolçuların hər biri aşağı yaş qruplarından gələn oyunçular idi. 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində qərarlaşdığımız qrupdan xal və ya xallar qazanmaq üçün yaxşı futbol nümayiş etdirməliyik. Düzgün strategiya ilə rəqiblərimizdən xal qazana bilərik. 1-ci və ya 2-ci ola bilərik demirəm, amma xal və xallar mütləq qazana biləcəyimiz bir qrupda çıxış edəcəyik".
Qeyd edək ki, Arif Əsədov daha öncə 2020-2022 mövsümlərində milli komandada köməkçi məşqçi, 2022-2023 mövsümündə isə müvəqqəti baş məşqçi olaraq çalışıb.
Anar Həsənov